Əli Həsənov: “Heç bir QHT deyə bilməz ki, hakimiyyət onlara hansısa tapşırıqları verib\" - MÖVQE -YENİLƏNİB

31 May 2012 12:23 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə QHT-lərinin növbəti konfransını keçirib. SİA-nın məlumatına görə, "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mövzusunda təşkil olunan tədbirdə çıxış edən Şura sədri Azay Quliyev vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi ilə əlaqədar QHT-lərin qarşısında duran vəzifələr, onların fəaliyyətinin səmərəsinin artırılması, beynəlxalq əməkdaşlığının gücləndirilməsi və QHT-hökumət münasibətlərinin inkişafı ilə bağlı danışıb: \"2007-ci ildə Azərbaycanda QHT-lərə dövlət dəstəyi Konsepsiyası hazırlanıb. Bu sənədin qəbulundan sonra QHT-lərin fəaliyyətində canlanma oldu. Hazırda isə QHT-lərin fəaliyyətinə əlavə dəstək verilməsi məqsədilə bir sıra sənədlərin hazırlanması üzərində iş aparılır\".

Əsas məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, Azərbaycan hakimiyyəti bu gün QHT-ləri özünün tərəfdaşı hesab edir. O, qeyd edib ki, bəzi sahələr var ki, həmin sahələrdə QHT-lərin fəaliyyəti vacibdir: "Müstəqilliyin ilk illərində QHT-lər siyasi bir struktur kimi qiymətləndirildi və 1998-ci ilə qədər QHT-lərlə hakimiyyət bir-birinə rəqib kimi baxırdılar. Lakin 1998-ci ildə Azərbaycanda qəbul olunan "Qrant haqqında" qanunla QHT-lər təşkilatlandı və hakimiyyətlə bərabər, vətəndaş həyatındakı rolu artmağa başladı. Azərbaycan hökuməti artıq QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, vətəndaş cəmiyyətinin inkişafında görülən işin icraçısı kimi baxır. Bununla bağlı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb".

PA-rəsmisi QHT-lərin sərbəst olduğunu da vurğulayıb: "Heç bir QHT deyə bilməz ki, Azərbaycan hakimiyyəti onlara hansısa tapşırıqları verib, onların fəaliyyətini yönəldib. Bu barədə QHT-lər qarşısında üzümüz ağdır. Bəzi beynəlxalq qeyri-hökumət təşkilatları – "Amnesty İnternational", "Human Rights Watchs", Norveç İnsan Haqları Təşkilatı Azərbaycanı sanki hansısa geridə qalmış Afrika ölkəsi hesab edirlər. Onlar düşünür ki, Azərbaycan KİV-ləri, QHT-ləri onların qulluqlarında durmalıdırlar. Azərbaycan xalqı hələ Avropa dövlətlərinin çoxundan qabaq demokratik dövlət qurub, qadınlara səsvermə hüququ verilib. 20 ildir ki, Azərbaycan dünyaya haqq səsini, qaçqın və köçkünlərinin səsini çatdırmaq istəyir. "Eurovision\"a gələn həmin təşkilatlardan biri yazdımı ki, Azərbaycan 20 ildir qaçqınlara və köçkünlərə ev verib, Xəzər hövzəsində sivil cəmiyyət quruluşunu tətbiq edir. Cənubi Qafqazda alternativ siyasət yürüdür, dövlət siyasətinə müdaxilələrin qarşısını alır. Yazılır ki, hansısa şəxs zəbt etdiyi evdən çıxarılır, hansısa partiyanın hüququ pozulur. Görək hansı ölkədə mətbuat orqanları bizdəki qədər bildiyini yazır, dövlət başçısını, onun ailəsini, dövlət məmurlarını tənqid edir, böhtan atır. Ştrasser kimi heç bir nüfuzu olmayan iki-üç adam durub sənəd qəbul edir. Bu gün Avropa Birliyi ölkələrində böhran baş alıb gedir, işsizlikdir. Kim onların cavabını verəcək? CNN, BBC, "Euronews" kimi kanallar ancaq bir şeyi verir - ölkələrin hakimiyyətləri pisdir. İran zorla bizə \"gey\" demək istəyir. Homoseksualist deyir. Alnını möhürə vuran, ibadət edən insan məsciddən çıxıb camaat qarşısında yalan danışmaz. İndi də deyirlər Azərbaycanı qorxutduq, \"gey\" parad keçirilmədi".

Ə.Həsənov müxalifətin ünvanına da tənqidlər səsləndirib və onları anti-Azərbaycan fəaliyyətində günahlandırıb: "Anti-Azərbaycan platformasında birləşən müxalifət hələ də hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər. Öz xalqı qarşısında hesabat verməyən insanlar hakimiyyətə gəlmək istəyirlər. Xalqın etmadına söykənməyən heç bir qurum möhkəm ola bilməz. Onlar heç bir xarici təşkilat qarşısında Dağlıq Qarabağ problemini, qaçqın-köçkün problemini qaldırmadı. Müxalifətçilər "xalq yürüşü" zamanı xarici jurnalist görən kimi özünü yerə ataraq çığırıblar. Müxalifətin təşkil etdiyi "xalq yürüşü" də məhs belə oldu".

Tədbirdə Azərbaycan QHT-ləri tərəfindən Avropa Parlamentinin qətnaməsinə və bir sıra beynəlxalq təşkilatların "Evrovision" ərəfəsində Azərbaycanla bağlı qəbul etdiyi sənədlərə etiraz olaraq bəyanat qəbul edilib.