Milli Məclis dövlət büdcəsinə dəyişiklikləri təsdiq etdi
29 May 2012 19:04 (UTC+04:00)
Azərbaycan Milli Məclisinin plenar iclasında
2012-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi
təsdiq olunub. SİA-nın xəbərinə görə, maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə
xərclərinin artırılması ölkədə inflyasiyaya təsir göstərməyəcək.Dövlət büdcəsinin gəlirləri və xərcləri 600 mln. manat
artırılmaqla gəlirlər 17 038 mln. manat, xərclər isə 17 672 mln. manata
çatdırılıb.
Artımın strukturunda 300 mln. manatı ölkənin şimal-qərb
bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki
rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın,
2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində
yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı
işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin
ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların
törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab,
Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması, ölkədə ehtimal olunan
təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı
tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların
alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə
zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının
yaradılmasına yönəldiləcək. Bundan əlavə 200 mln. manatı Sovet dövründən qalan
əmanətlərin qaytarılmasına büdcənin ehtiyat fondun götürülmüş vəsaitlərin
bərpası üçün yenidən ehtiyat fonda qaytarılması üçün nəzərdə tutulur. Həmçinin
95 mln. manatı Bakı və rayonların infrastrukturun inkişafına, 45 mln. manatı
təhlükəsizlik və hərbi quruculuğun gücləndirilməsinə yönəldiləcək. Göründüyü
kimi, nəzərdə tutulan xərclərin həcmi 640 mln. manat təşkil edir və beləliklə
nəzərdə tutulandan çoxdur. Bu səbəbdən qeyd olunmalıdır ki, həmin 40 mln.
manatı büdcənin digər xərclərində qənaət hesabına əldə edilməsinə yönəldiləcək.