Kamal Abdullanın kitabının Türkiyədə icazəsiz nəşri qalmaqala səbəb olub

29 May 2012 16:24 (UTC+04:00)

Tanınmış Azərbaycan yazıçısı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın "Sehrbazlar dərəsi" kitabının Türkiyədə ikinci nəşri ("Büyücüler deresi" adıyla) qalmaqala səbəb olub. SİA-nın məlumatına görə, romanı Türkiyə türkcəsinə tərcümə edən Arif Acaloğlu APA-ya bildirib ki, kitab ikinci dəfə nəşr edilərkən müəllif və tərcüməçi ilə yeni müqavilə imzalanmayıb, buna görə də nəşriyyat həm müəllifin, həm də tərcüməçinin müəlliflik hüququnu pozub: "Roman birinci dəfə 2007-ci ildə "Avrupa yakası" nəşriyyatında çap edilib və həm müəllifin, həm də tərcüməçinin hüquqlarına riayət edilərək qonorar ödənilib. İlk nəşrdən təxminən 2 il sonra mən nəşriyyatdan kitabı ikinci dəfə çap edib-etməyəcəklərini soruşanda mənfi cavab verdilər. Kamal Abdullanın son romanını tərcümə edərkən "Büyücüler deresi" kitabının fotosuna ehtiyacım oldu. Nəşriyyatın internet saytına girib foto axtararkən "Büyücüler deresi" kitabının ikinci dəfə, həm də başqa formada nəşr edildiyini gördüm. Türkiyə qanunlarına görə bu, saxtakarlıq sayılır və ağır cəzası var. Çünki bir kitabın yenidən nəşr edilməsi üçün həm müəllifdən icazə alınmalıdır, həm də müəllif və tərcüməçi ilə yeni qonorar müqaviləsi imzalanmalıdır. "Avrupa yakası" nəşriyyatı "Büyücüler deresi" romanını ikinci dəfə nəşr edərkən bu barədə nə Kamal Abdullaya, nə də mənə müraciət edib. Bilirsiniz ki, Azərbaycan yazarlarının əsərlərinin Türkiyədə ikinci dəfə nəşr edilməsi nadir hadisə sayılır və burda Azərbaycan ədəbiyyatından əsərlər çap edən nəşriyyatlar kitabların satılmamasından şikayət edirlər. Buna görə də, Kamal Abdullanın romanının ikinci dəfə nəşr edilməsi Türkiyədə Azərbaycan ədəbiyyatının tanınması baxımından da önəmli hadisə sayılmalıdır. Çünki nəşriyyat bir kitabı satmazsa, onu ikinci dəfə nəşr etməz".


Pirat nəşrlə bağlı nəşriyyatla bir neçə dəfə danışıqlar aparmağa cəhd etdiyini söyləyən Arif Acaloğlu, bunun baş tutmadığını və məsələnin hüquq çərçivəsində həlli üçün məhkəməyə müraciət edəcəyini açıqlayıb.


Qeyd edək ki, İstanbuldakı Bilgi və Yedditəpə universitetlərinin müəllimi olan Arif Acaloğlu Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması sahəsində önəmli işlərə imza atıb. Onun tərcüməsində Vaqif Səmədoğlunun, Anarın, Fikrət Qocanın əsərləri, həmçinin rus arxivlərindən toplanmış və uydurma "erməni soyqırım"na dair həqiqətləri əks etdirən 5 kitab çap edilib. A.Acaloğlunun türk tarixinə və mədəniyyətinə dair ruscadan tərcümə etdiyi 3 iri həcmli kitabı da var.