Azərbaycan tarixçisinin əsəri İstanbulda işıq üzü gördü

29 May 2012 15:29 (UTC+04:00)

Görkəmli Azərbaycan tarixçisi, professor, millət vəkili Musa Qasımlının Türkiyədə kitabı çapdan çıxıb. 1980-ci il 12 sentyabr çevrilişindən SSRİ dağılana qədərki dövrdə sovet-Türkiyə münasibətlərindən bəhs edən bu kitab, bir neçə il əvvəl Bakıda Azərbaycan dilində, Moskvada isə rus dillərində nəşr edilib. SİA-nın məlumatına görə, iri həcmli monoqrafiya (464 səh.) olan bu kitab İstanbulda məşhur Kaknüs nəşriyyatı tərəfindən türk dilində kütləvi tirajla çapdan çıxıb. Qeyd edək ki, tarixçinin 2006-cı ildə həmin nəşriyyat tərəfindən nəşr olunmuş "Azərbaycan türklərinin milli mücadilə tarixi.1920-1945" monoqrafiyası türk elmi ictimaiyyətində böyük maraq doğurub. Sözügedən kitab bir neçə beynəlxalq kitab sərgi-yarmarkasında nümayiş olunub və alıcı toplamışdı. Azərbaycan, Rusiya, Gürcüstan arxivlərində uzun illər boyu "tamamilə məxfi", "məxfi" və "xidməti istifadə üçün" qrifləri altında saxlanılmış mənbələr, Türkiyə arxivlərinin, ABŞ Dövlət Departamentinin, Mərkəzi Kəşfiyyat İdarəsinin və Ermənistanın mümkün materialları əsasında yazılmış bu əsərdə 70-ci illərin sonlarında SSRİ-Türkiyə münasibətlərinin vəziyyəti, sovetlərin Əfqanıstana müdaxiləsinin qarşılıqlı münasibətlərə təsiri, SSRİ rəhbərliyinin Qara dəniz Boğazları məsələsini yenidən gündəliyə gətirməsi, Aralıq dənizinə enmə niyyətləri, Kipr məsələsinin sovet-türk münasibətlərinə təsiri, iki ölkə arasında gizli müharibə, uydurma "erməni soyqırımı" məsələsinin yenidən baş qaldırması, müəyyən erməni dairələrinin Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətləri, sovet-Türkiyə münasibətlərində Azərbaycanın oynadığı rol araşdırılır. Sovet lideri Mixail Qorbaçovun SSRİ-ni təşkil edən türk respublikalarının rəhbərlərinə inanmasının səbəbləri, Türkiyədəki ABŞ hərbi obyektləri məsələsi, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonovun Türkiyəyə, Türkiyə prezidenti Turqut Özalın 1986-cı və 1991-ci illərdə SSRİ-yə səfərləri zamanı müzakirə edilən məsələlər təhlil edilir.

İstifadə edilən mənbələrin böyük əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilir. Azərbaycan tarix elminin uğurlarından biri hesab edilən bu monoqrafiya beynəlxalq münasibətlər sahəsində çalışan mütəxəssislər, diplomatlar, elm adamları və sovetlərin Türkiyə siyasətini bilmək istəyənlər üçün maraqlıdır.

Qeyd edək ki, bu, professor Musa Qasımlının xarici ölkələrdə nəşr edilən sayca 8-ci monoqrafiyasıdır. İndiyədək azərbaycanlı alimin monoqrafiya və elmi məqalələri ABŞ, Argentina, Böyük Britaniya, Almaniya, Rumıniya, Polşa, Qazaxıstan, Rusiya, Ukrayna, Türkiyə, Makedoniya, İran, Kipr, Gürcüstan və b. ölkələrdə işıq üzü görüb və əsərlərinə dünyanın müxtəlif ölkələrinin alimləri istinad ediblər.