“FOKUS”un növbəti sayı artıq satışdadır- FOTO

29 May 2012 13:41 (UTC+04:00)

Azərbaycanda yeganə peşəkar kino jurnalı kimi tanınan "FOKUS"un növbəti sayı artıq satışdadır. Bu barədə SİA-ya layihənin müəlliflərindən olan Əli İsa Cabbarov məlumat verib. Onun sözlərinə görə, ildə 4 dəfə nəşr olunan jurnalın bu sayında dünya və yerli kino bazarında baş verən hadisə və filmlər haqqında yazılar dərc olunub.

\"Daha çox peşəkarlar üçün nəzərdə tutulan "FOKUS" jurnalı həm də bir tədris vəsaiti kimi də qeyd olunmalıdır\" deyən Ə. İ. Cabbarov: "Son illər dünya kino nəzəriyyəsi, kino marketinq haqqında Azərbaycan dilində hansısa kitablar hazırlanmır və ya tərcümə olunmur. Jurnal bu boşluğu aradan qaldırmaq üçün xarici dillərdən müasir kinoindustriyanın getdiyi yollardan, cərəyanlardan, kommersiya layihələrindən bəhs edən müxtəlif məqalələrə geniş yer ayırıb. Estetikasından asılı olaraq ağ-qara rəngdə çap olunan "FOKUS" bu dəfə daha rəngarəng mövzularla oxucularının qarşısına çıxıb",- deyə əlavə edib.

Jurnalda həmçinin ötən il Kann Film Festivalının "Qızıl palma budağı" mükafatını qazanmış Terens Malikin "kino fəlsəfəsi" iki kinoşünas tərəfindən müzakirəyə çıxarılıb. Master klass, peşəsi rejissor, sərbəst mövzu, rakurs, nəzəriyyə və digər bölümlərdə də dünyanın ən son kino hadisələri və prosesləri haqqında özəl olaraq maraqlı materiallar hazırlanıb.

Budəfəki FOKUS jurnalının əsas müsahibi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevdir. Nazir müavini Azərbaycan tamaşaçısı və milli kinematoqrafiyada gedən proseslərdən və ortaya çıxan problemlərdən də söz açıb.

Ə.İ.Cabbarov onu da qeyd edib ki, yerli teleməkanda xarici serialların qadağan olunmasından sonra efirə verilən seriallarımız, onların keyfiyyəti, qarşıya çıxan problemlər və tamaşaçı qazanma yolları da jurnalın bu sayında maraq kəsb edən materiallardandır: \"Milli istehsal- kinoproses Yavər Rzayevin "İlahi məxluq" , Teymur Daiminin "Sonuncu" bədii filmləri haqqındakı materiallarda, Vahid Mustafayevin ("Xoca"), Ənvər Əblucun ("Tərsinə çevrilmiş dünya") müsahibələrində də müzakirə mövzusudur\".

\"FOKUS\" ənənəsinə sadiq qalaraq bu dəfə Toğrul Cuvarlı və Valeri İvçenkoya məxsus "Həniyevin həyatı" tammetrajlı filmin ssenarisini oxucularına təqdim edib.

Qeyd edək ki, jurnalın budəfəki sayı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çap olunub.