Səməd Seyidov: “Azərbaycan Avropa strukturları ilə münasibətlərinə yenidən baxmalıdır”

29 May 2012 13:01 (UTC+04:00)

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan Avropa strukturları ilə münasibətlərinə yenidən baxmalıdır.

SİA-nın xəbərinə görə, Səməd Seydov qeyd edib, ötən dövr ərzində Almaniya Bundestaqında, İtaliya parlamentində Azərbaycan həqiqətləri, torpaqlarımızın işğalı ilə bağlı qətnamələr qəbul olunub: "Bundan narahat olan erməni lobbisi başqa bir taktikanı seçdi. Guya Azərbaycanda insan haqları pozulur, problemlər var və guya Azərbaycan bu problemlərin həlli istiqamətində addım atmır. Avropa Şurasına qəbul olunanda "siyasi məhbuslar" adı altında bir siyahı təqdim etdilər. Buraxdıq. Yenə təkrar siyahı çıxdı. Yəni məqsəd başqadır. Azərbaycanın dostları çoxaldığı üçün Azərbaycanın dostu olan insanlara, qurumlara qarşı fəaliyyətə başlayıblar".

S.Seyidov həmçinin xatırladıb ki, Avropa Şurasında Azərbaycana normal münasibət bəsləyən insanlara qarşı hücum daha güclüdür: "2008-ci ildə Milli Məclis, Prezident Administrasiyası və güc strukturları ilə bağlı bir işçi qrupu yaratdıq. 2 həftə keçəndən sonra bizə mesaj gəldi ki, işçi qrupu ilə işləmirik, sizə məruzəçi göndərəcəyik. Bizə dedilər ki, Avropa Məhkəməsinə üzv olun, bütün məsələlər orada həll olunacaq. Avropa Məhkəməsinə üzv olduq, bizə dedilər ki, məhkməyə baxmayın, sizə siyahılar göndərəcəyik. Digər tərəfdən, Avronest Parlament Assambleyasının üzvü olduq, əməkdaşlıq şərtlərini dəyişməyə başladılar. Ona görə də Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlara çatdırmalıyıq. Azərbaycan dövləti Avropa strukturlarında layiqincə təmsil olunur. Ancaq bizə qarşı çox təzyiqlər ortaya çıxacaqsa, biz bunu düşünməliyik. Ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsini uduzublar. Ona görə də insan haqları məsələsini qabartmağa başlayıblar. Mən bu fikirləri Avropa Şurası Monitorinq Komitəsində də səsləndirəcəyəm".