Əli Əhmədov: \"Azərbaycan-Avropa Parlamenti münasibətlərinə yenidən baxılmasına ciddi əsaslar var\" - MÖVQE

29 May 2012 12:23 (UTC+04:00)
\"Azərbaycanla Avropa Parlamenti arasındakı əməkdaşlıq münasibətlərinə yenidən baxılmasına ciddi əsaslar var\". SİA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Səməd Seyidovun Avropa Parlamenti ilə münasibətlərə yenidən baxılmasının vacibliyi ilə bağlı səsləndirdiyi bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, parlament bununla bağlı özünün kəskin və aydın mövqeyini ortaya qoymalıdır: \"Bu mövqe parlamentin böyük bir hissəsini təşkil edən YAP qrupunun mövqeyi kimi ortaya qoyulmalıdır. Qoy, Azərbaycan parlamentində təmsil olunan deputatlar ədalətsiz mövqe ilə əlaqədar daha ciddi müzakirələr aparsın. Bu da onların aydın münasibətinin ifadəsi ola bilər\".