28 May - Respublika Günü Tacikistan mətbuatında

28 May 2012 22:49 (UTC+04:00)
Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlərin yaranmasının 20 illiyi və 28 May - Respublika Günü ilə bağlı Tacikistanın müxtəlif kütləvi informasiya vasitələrində materiallar dərc olunub. SİA-nın xəbərinə görə, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun "Aziya-Plyus" agentliyinə verdiyi geniş müsahibəsində deyilir ki, mayın sonunda Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi tamam olur. Bu gün Tacikistanın Bakıda, Azərbaycanın isə Düşənbədə səfərlikləri uğurla fəaliyyət göstərirlər. Müsahibədə cari ilin martında Düşənbədə keçirilmiş Azərbaycan-Tacikistan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının birinci iclasından söz açılır, ölkələrimiz arasında münasibətlərin durmadan inkişaf etdiyi vurğulanır.
Yazıda həmçinin Azərbaycanın inkişafı və dünya ölkələri arasında öz layiqli yerini tutmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən geniş söhbət açılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri haqqında məlumat verilir, Bakı-Tbilisi Ceyhan neft, Bakı-Tbilisi -Ərzurum qaz kəmərlərinin uğurla fəaliyyət göstərdiyi xüsusi qeyd olunur. Bakı-Tbilisi-Qars dəmiryol layihəsi üzərində işlərin davam etdirildiyi və bu dəhlizin region ölkələrinə böyük fayda gətirəcəyi bildirilir.
Müsahibədə 28 May-Respublika Günü haqqında da oxuculara geniş məlumat verilir, Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi haqqında söhbət açılır.