Gürcüstanda Azərbaycanın Respublika Günü qeyd olundu

28 May 2012 22:21 (UTC+04:00)
Bu gün Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Tbilisidə Azərbaycanın 28 May-Respublika Günü və Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn əlamətdar bayram münasibətilə iştirakçıları təbrik edərək Azərbaycan-Gürcüstan münasibətləri, regionda həyata keçirilən qlobal layihələr barədə ətraflı məlumat verib. Diplomat Azərbaycanın dünyada və bölgədə artan nüfuzu, dinamik inkişafı, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, möhtəşəm "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi və s. məqamlara diqqət çəkib. A.Hüseyn vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycan dövlətçiliyi varisliyə sədaqət nümunəsi nümayiş etdirən prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir və ölkənin beynəlxalq aləmdə nüfuzu, qüdrəti durmadan güclənir. Bütün bunlar ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına böyük inam yaradır.
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Koba Kobiaşvili isə bildirib ki, Azərbaycan intensiv inkişaf edən ölkədir və bu onları çox sevindirir: \"Azərbaycan dövlət başçısının yürütdüyü uğurlu siyasət ölkənin daha da çiçəklənməsinə, bölgədə liderlik rolunun möhkəmləndirilməsinə xidmət edir və əminəm ki, dost Azərbaycan daha yüksək zirvələr fəth edəcəkdir. "Eurovision-2012" mahnı müsabiqəsini yüksək səviyyədə təşkil etdiyi kimi, biz birgə futbol üzrə Avropa çempionatına da layiqincə ev sahibliyi edəcəyik\".