AŞPA-da demokratiya böhranı

28 May 2012 12:23 (UTC+04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev Parisdə səfərdə olacaqlar. SİA-nın xəbərinə görə, millət vəkilləri mayın 28-dən iyunun 2-dək AŞPA-nın Siyasi işlər və demokratiya və Monitorinq Komitələrinin iclaslarında iştirak edəcək.

İclaslarda demokratiyanın böhranı və bu gün Avropada dövlətin rolu, Avropada populist ekstremizmin yüksəlişi və onun demokratiya üçün hədələri, Kosovada vəziyyət, Avropa Araşdırma və İnkişaf Bankının fəaliyyəti, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının fəaliyyəti, Tunisdə siyasi keçid dövrü, yeni nasizm və ksenofobiyaya qarşı mübarizə mövzularında müzakirələr aparılacaq. Bundan əlavə, assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Çernoqoriya, Gürcüstan, Monako, Ermənistan, Serbiya, Ukrayna, Rusiya, Albaniya, Makedoniya və Azərbaycanın öhdəliklərini yerinə yetirməsinə dair məruzələr dinləniləcək. Tədbirdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.