“Eurovision”la əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

26 May 2012 15:43 (UTC+04:00)

Bakı Şəhər Dövlət Yol Polisi "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsinin keçirilməsi ilə əlaqədar sürücülərə müraciət edib. Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.


Bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Bayraq meydanından Dənizkənarı Bulvar boyu, Neftçilər prospekti və ona bitişik, paralel və kəsişən küçə və yollarda şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri xahiş olunur.


O, final günü yol hərəkəti təhlükəsizliyinin təmin olunması, "Bakı Kristal Zal"a tamaşaçıların, iştirakçıların və qonaqların rahat, fasiləsiz hərəkətini təmin etmək məqsədilə bəzi istiqamətlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcəyini bildirib.


Tədbir başa çatanadək paytaxtın Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi, Xocalı küçəsinin Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospektinin Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsinin 28 May küçəsi, Afiəddin Cəlilov küçəsinin Yusif Səfərov küçəsi, Azadlıq prospektinin 28 May küçəsi, Bülbül prospektinin Xəqani küçəsi, Qoşa qala qapısı, İstiqlaliyyət və Azərbaycan küçələrinin, Şeyx Şamil küçəsinin İstiqalaliyyət küçəsi, Mehdi Hüseyn küçəsinin Teymur Elçin küçəsi, Parlament prospektinin Mehdi Hüseyn küçəsi, Parlament Prospektinin Mikayıl Müşfiq küçəsi, Nəriman Nərimanov küçəsinin Mikayıl Müşfiq küçəsi ilə kəsişmələrindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi, 20-ci Sahə istiqamətlərində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.


Bu məqsədlə qeyd olunan ərazi üzrə yaşayanlardan xahiş olunur ki, bu istiqamətlərdə nəqliyyat sıxlığı yaranmaması üçün bu gün günorta saatlarından etibarən şəxsi avtomobillərindən istifadə etməsinlər və ictimai nəqliyyata üstünlük versinlər.