İran səfirliyi: "Azərbaycanı təhqir edən telekanal bizə məxsus deyil"

25 May 2012 23:21 (UTC+04:00)

Azərbaycanı təhqir edən "Tekon" telekanalının İrana aidiyyatı yoxdur. Bu barədə açıqlamasında İranın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinin əməkdaşı Əli Namidar deyib.


Səfirlik əməkdaşı bildirib ki, sözügedən telekanal İranda yerləşmir və həmin süjeti hazırlayan jurnalistə İranın Radio və Televiziya yayımı orqanı heç bir sənəd verməyib. Namidar media orqanının yaydığı süjetlərin də İranla heç bir bağlılığının olmadığını vurğulayıb.


Qeyd edək, internetdə yayılan süjetdə özünü iranlı jurnaist kimi təqdim edən şəxsin Azərbaycan barədə təhqiramiz ifadələr işlətdiyi görünür. "Eurovision" müsabiqəsinin işıqlandırılması üçün akkreditasiyadan keçən jurnalist videomaterialında Azərbaycanın şeytanla əməkdaşlıq etdiyini, yarışmanın keçirilməsinə hazır olmadığını və son günlərini yaşadığını deyib. Jurnalist Azərbaycanı daim böyük İranın kölgəsində olan ölkə kimi təqdim edib.


Süjetdə həmçinin günün sonunda bağlanmış mağazalar, iflasa uğramış obyektlər, fastfud qarşısında növbəyə düzülən insanlar isə acından ölənlər kimi təqdim olunub. Materialın müəllifi "Eurovision" yarışmasına gələn xaricilərə qarşı da qeyri-etik münasibət göstərib. Süjetin sonunda isə jurnalist guya təsadüfən "Eurovision" yarışmasına gələn şəxsin əlindəki Azərbaycan bayrağına təpik atıb.