Ermənistanda keçirilən parlament seçkilərindən sonra ölkədə 20 ilə yaxın bir müddətdə hakimiyyəti ələ alan Qarabağ klanı üzvləri arasında hakimiyyət mübarizəsi daha da qızışıb. Seçkilərdə Sarkisyanın başçılıq etdiyi hakim Respublika Partiyasına qarşı əsas qüvvə kimi R. Köçəryanın dəstək verdiyi Çiçəklənən Ermənistan Partiyası çıxış etsə də hakimiyyətin bütün rıçaqlarından istifadə edən Respublika Partiyası böyük üstünlük qazanıb.
Sarkisyana qarşı həlledici savaş
Köçəryan və onun biznesini idarə edən oliqarx, Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan seçkilərin nəticələrindən hələ də qəzəblidir. Hələlik Çiçəklənən Ermənistan Partiyasının ötən seçkilərdən sonra olduğu kimi, Respublika Partiyası ilə koalisiya quracağı məlum deyil. Tsarukyan və Köçəryan bu cür koalisiyaya qarşıdır və gələn il keçiriləcək prezident seçkilərində Sarkisyana qarşı həlledici savaşa girməyə hazırlaşırlar. Belə görünür ki, Sarkisyan dörd il öncə Köçəryandan aldığı hakimiyyəti könüllü qaytarmaq fikrində deyil.
Ermənistanda hakimiyyət məsələsi Rusiyanın əlində olduğu üçün Köçəryan son vaxtlar Putinlə bir neçə dəfə görüşüb, yenidən hakimiyyətə qayıtmaq üçün dəridən-qabıqdan çıxır.
Koalision hökumət qurulmayacaq
Sarkisyanın isə seçkilərdə kütləvi saxtakarlıqlar etməklə Köçəryanın dəstək verdiyi partiyanı sıxışdırması vəziyyəti gərginləşdirib. Köçəryan komandasının əsas fiqurlarından biri, Çiçəklənən Ermənistan Partiyasından seçkilərə qatılan keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, o, Respublika Partiyası ilə koalisiyanın qəti əleyhinədir. "Mən əminəm ki, seçkilərin nəticələri xalqın iradəsini əks etdirmir. İzah edim nəyə görə. Məsələn, deyirlər ki, seçkilərdə 1.5 milyondan çox adam səs verib. Yəni 2007-ci il seçkilərində səs verənlərdən 160 min çox. Hansı ki, 2007-ci ildən bu yana Ermənistanı 160 mindən çox adam tərk edib. Bu onu göstərir ki, seçicilərin sayı bir neçə yüz min şişirdilib və onların səsləri hakim partiyaya yazılıb".
Nazir postu uğurunda açıq savaş başlayıb
Erməni mətbuatında yer alan xəbərlərə görə, iqtidar düşərgəsində qızğın müzakirələr aparılır. Hökumət daxilində geniş struktur dəyişikliklər gerçəkləşəcək. İlk olaraq Daxili İşlər Nazirliyi tam yeni strukturda qurulacaq. Yeni nazirliyin ən az 5 əsas dairəsi olacaq. Bunlardan dördü polis təşkilatları olacaq, yəni cəza, şəhər, yol və təhlükəsizlik olmaq üzrə dörd müstəqil polis birliyi yaradılacaq. Beşinci əsas dairə isə hal-hazırdakı Fövqəladə Hallar Nazirliyinin funksiyasını demək olar ki, təkrar edəcək Fövqəladə Hallar Dairəsi olacaq. Yeni nazirlik tərkibində bir neçə kiçik dairələri də birləşdirəcək. Daxili İşlər Nazirliyi hələ yeni strukturda tam formalaşmamış, son qərar verilməmiş yeni nazir postu uğurunda açıq savaş başlayıb. Bu vəzifənin əsas namizədləri hal-hazırdakı Ermənistan polisinin rəhbəri Vova Qasparyan, fövqəladə hallar naziri Armen Yeritsyan və Yerevan polisinin rəisi Nersik Nazaryandır.
Dollar hər saat bahalaşır
Ermənistanda baş verən bütün bu hadisələr ölkənin maliyyə bazarına da təsirsiz ötüşmür. Belə ki, Ermənistanın maliyyə bazarındakı vəziyyəti "bərbad"dan başqa bir sözlə ifadə etmək mümkün deyil. Dollar gündən-günə deyil, hər saat bahalanır. May ayının 24-ə "NASDAQ OMX-Armenia" Fond Birjasında ortalama dollar əməliyyat kursu 406 dram olub. Birjada günün sonunda 1 ABŞ dollarına 407 dram təklif edilib.
Birjada ümumilikdə 300 min dollarlıq əməliyyat gerçəkləşdirilib. Banklar açıq-aşkar dollar satmaqdan imtina edir və onsuz da ağır olan vəziyyəti daha da dərinləşdirirlər.
Effektiv kurs bazarında dolların alış qiyməti, əsasən 403-404 civarında olmaqla yanaşı, 406 drama qədər yüksəlib. Dolların satış kursu 409-410 dramdan başlayır.
Ermənistan nəzərdə tutulan cəriməni ödəsə
Bu arada "Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand Eurovision Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında deyib ki, Ermənistan İctimai Televiziyası Azərbaycanın paytaxtı Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsini yayımlayacaq. O, eyni zamanda Ermənistanın növbəti il keçiriləcək müsabiqəyə qatılacağını da bildirib: "Bilirsiniz ki, Ermənistan 57-ci Eurovision mahnı müsabiqəsinə qatılmaqdan imtina etdiyinə görə EBU (Avropa Yayım Birliyi) tərəfindən cərimələnib. Əgər Ermənistan nəzərdə tutulan cəriməni ödəsə "Eurovision 2013"də iştirak edə bilər".