Ruslan Bəşirli: \"Mahnı müsabiqəsi İran üçün bir bəhanədir\" - MÖVQE

25 May 2012 15:18 (UTC+04:00)

"İranın Azərbaycana olan təzyiqləri birinci dəfə deyil, bu təzyiqlər uzun müddətdir ki, başlayıb. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra İran ölkəmizə qısqanc münasibət bəsləyir". Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Ruslan Bəşirli deyib.

O, qeyd edib ki, İranda olan molla rejimi Azərbaycana ciddi təzyiqlər göstərir: "Baxmayaraq ki, müəyyən bir dövrdə İranla Azərbaycan arasında münasibət sabitləşib, amma vəziyyət tam düzəlməyib. Səbəb də İranın Azərbaycanın müstəqilliyini istəməməsidir. İndi Azərbaycanda xalq tərəfindən İrana qarşı ciddi bir dirəniş var. İranın Azərbaycana təzyiqləri əsasən "Eurovision" mahnı müsabiqəsilə bağlıdır. Bu müsabiqə İran üçün bir bəhanədir. İranın islam ölkəsi olmasına baxmayaraq BƏƏ-lə, Əfqanıstanla, Pakistanla, Türkiyə ilə əlaqələri normal vəziyyətdə deyil. Nəhayət, o, Azərbaycanla da münasibətləri pis vəziyyətə gətirib çıxarır. Lakin İran müsəlmanların qanını tökən Ermənistanla, kommunist rejimi olan, ümumiyyətlə Allahı tanımayan Kuba ilə və digər bu tipli dövlətlərlə əlaqə qurmaqdadır. Bu onu göstərir ki, əslində İran İslamla əlaqəsi olmayan, fars şovinizminə, millətçiliyə bağlı olan bir dövlətdir".

\"İranın Azərbaycana qarşı bu cür qərəzli münasibəti sonda İranda partlayışa gətirib çıxara bilərmi?\" sualına cavabında R.Bəşirli: "İranda hər 20 ildən bir azərbaycanlılar ayağa qalxır. Səttar xan və digər hərəkatların timsalında biz bunu görmüşük və təxminən 2006-cı ildə də belə bir proses təkrarlandı, İranda mövcud olan rejim bunu zorla dayandırdı. Vaxt gələcək İran bu prosesin qarşısını ala bilməyəcək. Çünki İran hökuməti bunu etiraf etməsə belə, orada əhalinin yarıdan çoxunu azərbaycanlılar təşkil edir. İranda bəlusilər camaatının da şiə rejiminə qarşı böyük etirazları var. Orada olan ərəblərin və kürdlərin də hüquqları tez-tez pozulur. İranda olan rejimin İslama heç bir aidiyyatı yoxdur. İran ərəb olkələrinin qəbul etdiyi normativ qaydalardan imtina edir\".

R.Bəşirli bildirib ki, İranda 35 milyon azərbaycanlı yaşayır, lakin bu vətəndaşlarımızın hüquqları günbəgün pozulur: "Təkcə orada yaşayan azərbaycanlıların deyil, ermənilər istisna olmaqla farsların, ərəblərin, kürdlərin də hüquqları pozulur. Azərbaycan 20 ildir ki, müstəqillik qazanıb və pozitiv inkişafla yanaşı müəyyən problemlər də var ki, bu problemlərin həll olunması yolunda da hakimiyyət bir çox tədbirlər həyata keçırir. Ölkəmizdə olan müəyyən problemlərin İran tərəfindən qabardılması düzgün deyil, gərək İran birinci öz problemlərini həll etsin. İran insan hüquqları addım başı pozulan və İslamın adından yaramazcasına istifadə edən bir dövlətdir. Təbii ki, İran çalışır ki, Azərbaycanda olan müəyyən dayaqları vasitəsilə problem yaratsın, təzyiqlər etsin. İranın bu mövqeyi birmənalı şəkildə qəbulolunmazdır. Düşünmürəm ki, İran bu istəyinə nail olsun. Məlumdur ki, Azərbaycan əməkdaşlığı qərblə edir və məncə, qərbin burada təsiri daha böyükdür. Qərb və əsasən də ABŞ İranın Azərbaycanla bağlı hücumlarını görür və bunu dəyərləndirir".