Elman Abdullayev: \"Avropada Azərbaycana qarşı çirkin kampaniya aparıldığına heç bir şübhə yoxdur\"

25 May 2012 14:36 (UTC+04:00)

Avropa Parlamentinin Azərbaycana dair öyrənilmədən, tələsik və az sayda deputatın iştirakı ilə qətnamə qəbul etməsi Avroparlamentin səhv, əsassız və düşünülməmiş addımıdır. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. O, bildirib ki, hər hansı hadisəni şişirdib ona siyasi rəng vermək Avroparlamentin mövqeyinin obyektiv olmasına bir zərbədir: \"Buna səthi yanaşma Azərbaycanın inkişafında maraqlı olmamaqdır. Azərbaycanda müxalifət və onun mediası üçün mövcud imkanlar Avropadan geri qalmır, hətta ondan yüksək səviyyədədir. Gözəl bilirik ki, Avropada mediaya nəzarət necə həyata keçirilir. Öz problemlərinə göz yumulur, digərlərinə qarşı qeyri-neytral mövqe tuturlar. Bu təzyiq xarakteri daşıyan kampaniyadır. Amma Azərbaycan dövlətinə heç kim göstəriş verə bilməz. Bizim siyasətimiz xalqın mənafeyinə yönəlib. Qətnamədəki müddəalar qeyri-obyektiv və absurddur".

E. Abdullayev deyib ki, hər hansı insidentin şişirdilməsi və ona siyasi rəng verilməsi Avropa Parlamentinin mövqeyinə, neytrallığına böyük zərbədir: "Bu onların neytrallığını, şəffaflıqlarını şübhə altına qoyur. Hazırda Avropada Azərbaycana qarşı çirkin kampaniya aparıldığına heç bir şübhə yoxdur. Belə bir qətnamənin qəbul olunması da bu kampaniyanın tərkib hissəsidir. Azərbaycanda müxalifət və media üçün yaradılmış imkanların heç biri Avropa ölkələrindən geri qalmır. Hətta bəzi hallarda yüksəkdir. Biz bilirik ki, Avropa mediası sifarişli məqalələr yazır və onların arxasında kimlər durur. İndi Avropada tez-tez sərbəst toplaşmaq azadlığı barədə deyilənlər isə manipulyasiya xarakteri daşıyır. Azərbaycan müstəqil ölkədir, öz siyasətini maraqlarına əsasən həyata keçirir. Heç kimin təzyiqlərinə, hər hansı sözünə ehtiyac yoxdur. Niyə həmin qətnamə qəbul edən deputatlar Avropada islamofobiya və antisemitizmə fikir vermirlər?"