\"Eurovision- 2012\"-nin II yarımfinalının mətbuat üçün əsas məşqi keçirilib - FOTOSESSİYA

23 May 2012 19:50 (UTC+04:00)
Azərbaycanın ev sahibliyi etdiyi \"Eurovision- 2012\"nin II yarımfinalının mətbuat üçün məşqi keçirilib. SİA-nın məlumatına görə, təmsilçilərdən ilk olaraq səhnəyə Serbiya adından çıxış edən Zeljko Yoksimoviç çıxıb. Özünü Eurovision veteranı adlandıran sənətçi, \"Nijeljubav stvar\" mahnısını peşəkarlıqla ifa edib.


Makedoniya təmsilçisi Kaliopinin müsabiqə mahnısı\"Crno E Belo\"nu səhnədə çıxışı mətbuatın alqışları ilə müşaiyət olunub. Niderland təmsilçisi Joan Franka \"You And Me\" mahnısını ifa edib, həmçinin elə özü gitarada çalıb. Malta təmsilçisi Kurt Kalleya \"This is the night\" pozitiv ruhlu çıxışı və ritmik rəqsi ilə diqqət cəlb edib. Belarusu təmsil edən \"Litesound\" qrupunun \"We Are The Heroes\" mahnısının ifası zamanı möhtəşəm \"Bakı Kristal Zalı\"ndakı işıq effektləri göz oxşayıb.


Səhnəyə 6 nömrə altında çıxan Portuqaliya təmsilçisi Filipa Sousa da\"Vida Minha\" mahnısı altında maraqlı perfomans nümayiş etdirib. Ukrayna təmsilçisi Qaytana \"Be My Guest\" mahnısı üçün hazırlanmış şouda yenə də gül çələngində olub. Onun ifası 4 rəqqasın müşaiyəti ilə hazırlanan səhnə şousu ilə yadda qalıb. Bolqarıstan təmsilçisi Sofi Marinova \"Love Unlimited\" mahnısında 11 dildə \"Mən sevirəm səni\" deyib.


Sloveniya təmsilçisi Eva Botonun lirik \"Verjamem\" mahnısının ifası zamanı onunla birgə səhnədə ağ geyimdə 5 qız olub. Xorvatiyanı Bakıda təmsil edən Nina Badrić \"Nebo\" mahnısı altında özünməxməsus və mahnının ritminə uyğun şou nümayiş etdirib. Builki müsabiqənin əsas favoritlərindən olan İsveç təmsilçisi Lorin (Loreen) \"Euphoria\" mahnısı altında səhnədə əvvəl tək, sonra isə tərəfmüqabili ilə olub. Plastikası ilə seçilən Lorin səhnədə bütün bacarıqlarını nümayiş etdirib və qeyri-adi səhnə geyimi ilə fərqlənməyi bacarıb.


Gürcüstan təmsilçisi Anri Joxadze \"I\'m A Joker\" mahnısını ifa edərkən səhnədə böyük ölçülü baraban və fortepianoda ifa etməsi ilə yanaşı, rəqsi ilə də alqışlara səbəb olub. Onu bu ifa zamanı 5 rəqqas müşaiyət edib. Türkiyə təmsilçisi Can Bonomo \"Love Me Back\", Estoniyanı təmsil edən \"Ott Lapland\" \"Kuula\", builki müsabiqədə yeganə rok ifaçısı Slovakiya təmsilçisi Max Jason \"Mai Don\'t Close Your Eyes\", Norveç təmsilçisi Tooji \"Stay\", Bosniya və Herseqovina təmsilçisi Maya Sar \"Korake Ti Znam\", Litva təmsilçisi Donny Montell \"Love Is Blind\"i ifa edib.