Elman Abdullayev: “Azərbaycan heç bir hərbi bloka üzv olmağa hazırlaşmır”

22 May 2012 15:27 (UTC+04:00)

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın NATO-nun Çikaqo sammitində qəbul edilmiş yekun bəyannamədə əksini tapmış Dağlıq Qarabağa dair bəndlə bağlı səsləndirdiyi fikirlər absurddur". SİA-nın xəbərinə görə, bunu XİN-in mətbuat katibi Elman Abdullayev deyib. Onun sözlərinə görə, bu cür fikirlər bir dövlət məmuru, xüsusilə danışıqlar prosesində birbaşa iştirak edən şəxs üçün gülünc və əsassızdır: " Çünki Akvil və Muskoko bəyannamələrini imzalayan ABŞ və Fransa prezidentləri növbəti dəfə NATO bəyannaməsini imzalayıblar. Bəyannamənin Dağlıq Qarabağa həsr edilmiş 47-ci bəndi tamamilə danışıqların gedişinə və yenilənmiş Madrid prinsiplərinin mahiyyətinə uyğundur. Nalbandyan əsassız və məntiqsiz bəyanatları ilə özünü qeyri-münasib vəziyyətə qoyur və Ermənistan rəhbərliyinin status-kvo vəziyyətinin saxlanması üçün atdığı addımları əsaslandırmağa çalışır. Bu məntiqsiz yanaşmadır".

XİN sözçüsü Azərbaycan tərəfinin Çikaqoda qəbul olunan Bəyannaməni yüksək qiymətləndirdiyini deyib: \"Həmin sənəd Azərbaycanın ədalətli mövqedə olduğunu göstərir. Belə bir Bəyannamə NATO-nun növbəti dəfə ədalətli mövqe nümayiş etdirməsi deməkdir. Bəyannaməyə bir sıra ölkələr, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa və ABŞ da imza atıb. Həmin ölkələr bununla növbəti dəfə öz yanaşmalarını nümayiş etdirib".

Azərbaycan hazırda heç bir hərbi bloka üzv olmağa hazırlaşmadığını da deyən Elman Abdullayev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olub, bu addımın mahiyyəti hərbi bloklara üzv olmamaqdır: "Hazırda Azərbaycan müstəqil kursuna sadiqdir və hər hansı hərbi bloka, o cümlədən NATO-ya üzv olmağa hazırlaşmır. Eyni zamanda Azərbaycan Avroatlantik strukturlara inteqrasiya kursu yürüdür. Alyansa üzvlük və inteqrasiya fərqli şeylərdir".