ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Abdulla Gülün Çikaqoda keçirilən NATO sammiti zamanı baş tutan görüşündə Ermənistan-Türkiyə münasibətləri də müzakirə olunub. Bu barədə məlumatı Türkiyənin "Sabah" qəzeti yayıb.
Qəzet xəbər verir ki, məsələ barədə Türkiyənin dövlət başçısının özü məlumat verib. O, Obama ilə görüşdə ölkəsinin təkcə Ermənistanla deyil, eyni zamanda Kiprlə də münasibətlərinin müzakirə olunduğunu vurğulayıb. Amma söhbətin detalları ilə bağlı danışmayıb. "Bizim bu məsələdəki mövqeyimizi bilirsiniz. Bu iki məsələ bizim üçün çox vacibdir. ABŞ prezidenti də məsələlərin həllinin vacibliyini bildirdi", - deyən A.Gül təkbətək görüşdə Suriyadakı münaqişənin də diskussiya predmentinə çevrildiyini önə çəkib. Tərəflərin ölkədəki durumdan narahatlıqlarını ifadə etdiklərini dilə gətirib.
Qeyd edək ki, A.Gülün Obama ilə görüşdə Birləşmiş Ştatlara məxsus pilotsuz təyyarələrin Türkiyəyə satılması prosedurunun sadələşdirilməsinin zəruriliyindən danışdığı da bildirilir. Qeyd edilir ki, Ankara rəhbəri bunun terrorizmlə mübarizədə mühüm əhəmiyyət kəsb etdiyindən söz açıb.