Litvalı jurnalistlər Səs İnformasiya Agentliyinin qonağı olublar - FOTOSESSİYA

22 May 2012 13:12 (UTC+04:00)

Bu gün Səs İnformasiya Agentliyinin ofisində agentliyin rəhbərliyi və əməkdaşları ilə "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün ölkəmizə təşrif buyuran litvalı jurnalistlərin görüşü keçirilib. SİA-nın məlumatına görə, bütün dünyanın maraqla gözlədiyi "Eurovision" müsabiqəsini canlı izləmək və ən son məlumatları ölkəsinə ötürmək məqsədi ilə Bakıya təşrif buyuran jurnalistlər paytaxta heyran olduqlarını etiraf ediblər.


Media mənsubları Azərbaycanın sözügüdən yarışmaya yaxşı hazırlaşdığını və bütün Avropanı layiqincə qarşılamağa qadir olduğunu dilə gətiriblər. Qalib olmağa iddialı qonaqlar növbəti il müsabiqəyə ev sahibliyi edəcəklərinə ümid bəsləyirlər.


Şəhərimizdə bir çox məkanları gəzən xarici jurnalistlər Azərbaycan xalqının səmimi və mehriban olduğunu bildiriblər. vilnews.lt portalının əməkdaşı Yurita Konapedenyaki ölkəmizin adət -ənənələrinə heyran olduğunu gizlətməyib: "Mən sizin şəhərdə gəzib-dolaşan camaata baxanda lap heyran oluram. Onlar gözəl geyinib, ailəlikcə gəzintiyə çıxırlar. Bu, kənardan çox gözəl görünür. Bizdə- Avropada belə hallar çox az olur. Bizimkilər ancaq işə tələsirlər. Onu da vurğulayım ki, azərbaycanlılar çox sakit millətdir. Yüksək tonla danışmırlar, aqressiv deyillər. Hər zaman xoş təbəssüm var üzlərində".

Jurnalist, \"Eurovision\"un litvalı tərəfindən yaradılmış eurodiena.lt portalının əməkdaşı Etvidas Maksilis Azərbaycana müsabiqədə yüksək təşkilatçılıq qabliyyətinə görə öz təşəkkürünü bildirib: "Şəhəriniz çox gözəldir. "Bakı Kristal Zalı"nı da çox bəyəndik. Şəraiti, genişliyi göz oxşayır. Azərbaycan bu müsabiqəyə xüsusi hazırlaşıb\"

Paytaxtımızı bəyənən litvalı jurnalistlər Azərbaycana bir daha gəlmək arzusunda olduqlarını bildiriblər. "Bakı gözəl şəhərdir. Tez-tez gəlmək istəyirik, amma vizalar Avropa qiymətlərinə nisbətən bir qədər bahadır. Viza ucuz olsa, biz çox məmnun olarıq və yəqin ki, bundan sonra daha tez-tez gələrik", -deyə vilnews.lt portalının digər əməkdaşı Arvidas Arnaşus dilə gətirib.


Eurodiena.lt portalının digər əməkdaşı Jitnalis Qodinite isə milli yeməklərimizdən doymadığını açıqlayıb: "Çox gözəl mətbəxiniz var. Kababdan heç doymaq olmur. Birdə paxlavanı çox bəyəndik".


Eurodiena.lt portalının daha bir əməkdaşı Mantas Dekutis isə həmkarlarından fərqli olaraq sualları cavablandırmağı yox sual verməyi üstün tutub. O, Azərbaycan və "Eurovision"la bağlı bütün önəmli məsələlərə aid mövzulara toxunub.

Jurnalistlər həmçinin Ermənistanın \"Eurovision 2012\"-yə təmsilçi göndərməməsi məsələsinə də toxunublar. Bu hal onlar üçün də çox təəccüblü gəlib. Xarici jurnalistlərin fikrincə, bu yarışma heç bir siyasi xarakter daşımır və siyasəti buna qatmağın heç bir mənası yoxdur.

Onlar Avropa Yayımlar Birliyinin bu məsələyə lazımi qiymət verdiyini düşünürlər.