ADU-nun rektoru Rusiya Federasiyasının Azərbaycandakı keçmiş səfiri ilə görüşdü

21 May 2012 18:08 (UTC+04:00)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Rusiyanın "Russkiy Mir" fondunun icraçı direktorunun birinci müavini, Rusiya Federasiyasının Azərbaycandakı keçmiş səfiri Vasili İstratovla görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ADU-da rus dilinin tədrisi məsələsi müzakirə olunub.

ADU-da 15-dək dil və mədəniyyət mərkəzinin olduğunu bildirən rektor S.Seyidov ADU-da fəaliyyət göstərən mərkəzlərin fəaliyyəti haqqında fondun nümayəndəsinə məlumat verib. Təmsil etdiyi fond haqda danışan V.N. İstratov ADU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Bundan başqa, tərəflər gələcək əməkdaşlıq perspektivləri haqda fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Rusiyanın "Russkiy Mir" fondu 2007-ci ildən fəaliyyət göstərir.