Əli Həsənov: \"NATO Qarabağ münaqişəsində fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir\"

21 May 2012 17:03 (UTC+04:00)
"Baku Crystall Hall"ın tikintisində, xərclənən vəsaitlərdə heç bir qaranlıq məqam yoxdur


NATO Cənubi Qafqazda həm Dağlıq Qarabağ, həm də Gürcüstan-Abxaziya münaqişəsinə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Bu gün Azərbaycanın əməkdaşlıq etdiyi NATO, ATƏT və digər təşkilatlardan çox gözləntiləri olduğunu deyən Ə.Həsənov qeyd edib ki, onlar BMT qətnamələrinin həyata keçirilməsində faktiki gücə və nüfuza malikdir: \"Lakin hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində real nəticə görünmür. Çünki Ermənistan hələ də qeyri-konstruktiv mövqeyini davam etdirir, işğal etdiyi torpaqlardan geri çəkilmək fikrində deyil. Bu gün Dağlıq Qarabağda sülh yaratmaq proseslərində konstruktiv mövqe ortaya qoyulmur\".


"Eurovision" mahnı müsabiqəsi ilə bağlı Azərbaycan dövlətinin gördüyü işlərdə, o cümlədən "Baku Crystall Hall"ın tikintisində, xərclənən vəsaitlərdə heç bir qaranlıq məqamın olmadığını xatırladan Əli Həsənov deyib ki, bəzi jurnalistlər, həmçinin bəzi xarici kütləvi informasiya vasitələri Azərbaycanda 2005-ci ildən başlamış quruculuq işlərini "Eurovision" mahnı yarışması və insan hüquqları ilə bağlayırlar: \"Dünyanın hansı ölkəsində insanların köçürülməsi yoxdur? Dünyanın hansı ölkəsində şəhərin abadlaşdırılması, gözəlləşdirilməsi zamanı insanların bu və digər yaşayış məntəqəsindən digərinə köçürülməsi prosesi müşahidə olunmur? Azərbaycan dövləti bu proseslərin başlandığında qarşısına üç tələb qoyub: "Birincisi, köçürülən insanlara alternativ imkanlar verilsin. Yəni, onlara digər yerlərdə adekvat mənzil almaq üçün lazım olan pul vəsaiti verilsin. İkincisi, onlara digər ünvanlarda indikindən daha yaxşı mənzillər verilsin.


Üçüncüsü, əgər insanlar bu şərtlərin heç birinə razı olmurlarsa, məhkəməyə müraciət edərək digər haqlarını tələb etmək imkanı yaradılsın. Köçürülən 10 min adamdan 3 nəfəri tapıb davamlı şəkildə bizim üzümüzə dirəyir, mətbuat orqanlarında danışdırırlar. Ola bilsin ki, 10 nəfərin hüququ pozulub. Hətta 100 nəfər də tapa bilərsiniz. Amma 10 min adamın rahatlığı xətrinə təəssüf ki, bəzən 3-4 adamın ənənəvi həyat tərzini pozmaq lazım gəlir".