PA şöbə müdiri Əli Həsənov XİN mətbuat katibi Elman Abdullayevlə birgə mətbuat konfransı keçirib

21 May 2012 13:56 (UTC+04:00)

Bu gün Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayevlə birgə mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən PA rəsmisi Əli Həsənov Azərbaycanda keçiriləcək beynəlxalq "Eurovision" mahnı müsabiqəsi mövzusuna toxunub. O, qeyd edib ki, musiqi yarışmasında iştirak etmək üçün 20 minə yaxın qonaq gəlib: "Bu günlərdə mühüm və əlamətdar hadisəyə ev sahibliyi edəcək Azərbaycana gələcək qonaqların sayı hələ artacaq. Ölkəyə gələnlər arasında mahnı müsabiqəsinə tamaşa etmək istəyən turistlər, yarışmanı işıqlandırmağa gələn KİV nümayəndələri və digər qonaqlar var. Bütün sahələr üzrə hazırlıq işləri normal gedir. PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti bütün sahələrdə bu yarışmaya ciddi hazırlaşıb, bütün lazımi tədbirləri görüb. Azərbaycan dövləti ölkəyə gələn xarici vətəndaşların təhlükəsizliyinin tam təmin olunması üçün bütün qabaqlayıcı tədbirləri görürür. Bu, təkcə \"Avroviziya-2012\"nin Bakıda keçirilməsinə görə deyil. Azərbaycan dövləti ilboyu vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün lazımı addımlar atır. Sadəcə olaraq, bu mahnı müsabiqəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Belə təhdidlər digər yerlərdə də ola bilər. Heç bir dövlət təhlükəsizliklə bağlı təhdidlərdən sığortalanmayıb. Azərbaycana qarşı ünvanlanan təhdidlər bilərəkdən bir sıra dairələr tərəfindən hazırlanıb. Xüsusilə də \"Amnesty İnternational\" və \"Human Rigts\" təşkilatları Azərbaycana qarşı radikal qərəzli mövqe nümayiş etdirirlər. Belə mövqe yalnız bu il deyil, əvvəllər də sözügedən təşkilatlar tərəfindən mövcud olub. Əgər onlar Azərbaycandakı vəziyyəti obyektiv dəyərləndirməsələr, o zaman Azərbaycan dövlətinin həmin təşkilatlara etimadı itə bilər".

PA rəsmisi həmçinin bildirib ki, Azərbaycan \"Avroviziya-2011\" mahnı qalibi olandan sonra ölkəmizə qarşı bəzi radikal qruplaşmalar tərəfindən təhdidlər ünvanlanır. O, qeyd edib ki, \"Avroviziya-2012\" mahnı yarışması ilə əlaqədar anti-Azərbaycan kampaniyası aparan əsas iki mərkəz var. Bunlardan ən radikalı İrandır. Onun sözlərinə görə, İran Azərbaycanda olmayan hadisələrdən danışır, Azərbaycanın ünvanına müxtəlif sözlər uydurur və anti-Azərbaycan təbliğatı aparır: "Bu məsələ ilə bağlı İrana səfər etdim, bir sıra rəsmi şəxslərlə görüşdüm. Dedim ki, bu məsələləri birgə həll edək, iki ölkə arasındakı münasibətləri qoruyaq. Siz bizim xalqın iradəsini zorlamayın və daxili işlərimizə qarışmayın. Son günlər İran tərəfindən Azərbaycanın ünvanına uydurmalar gəlir ki, guya burda gey-parad təşkil olunacaq. Bilmirəm, bu, İranın ağlına haradan gəlib. Azərbaycanda \"Avroviziya 2012\" mahnı yarışması keçirilir, gey-parad deyil. Azərbaycana qarşı qərəzli mövqe tutan digər mərkəz bəzi qərbyönümlü təşkilatlardır. Onlar bununla Azərbaycana qarşı heç nə edə bilməyəcəklər. Bu yaxınlarda Almaniyada səfərdə oldum və görüşlər keçirdim. Avropalıların masasında erməni lobbisinin sifarişi ilə hazırlanmış və Azərbaycan müxalifətinin bu vaxta kimi hakimiyyətlə bağlı yazdıqları qərəzli məlumatların linkləri var idi. Bu, bir daha onu göstərir ki, həmin təşkilatlar bir mərkəzdən idarə olunur və əsas məqsədləri Azərbaycan dövlətinin inkişafına mane olmaq və ölkənin nüfuzdan salmaqdır. Amma nə etsələr də Azərbaycana heç nə edə bilməyəcəklər\".

Əli Həsənov həmçinin Azərbaycanın gənc şairlərinin İranda saxlanılması məsələsinə də aydınlıq gətirib: "Bu gün yüzlərlə, minlərlə İran vətəndaş Azərbaycana səfər edir. Biz onların hər birini casus, ölkənin təhlükəsizliyinə təhdid obyekti kimi görsək, bu, artıq qonşuluq, dostluq münasibəti deyil. İki gənc şairin valideynlərinin həftələrdir nə çəkdiyini təsəvvür etmək çətindir.". Ə. Həsənov bu məsələdə Azərbaycan KİV-nin passiv mövqe tutduğunu söyləyib: "İki şairin həbsilə bağlı aparılan kampaniya Anar Bayramlının həbsilə bağlı Azərbaycan KİV-lərinin apardığı kampaniyanın mində biri də deyil\".

Azərbaycanın gənc şairlərinin İranda saxlanılması məsələsinin gündəlik şəkildə diqqətdə saxlanıldığını deyən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bildirib ki, Azərbaycanın Təbrizdəki Baş konsulluğu, eyni zamanda Tehrandakı səfirlik gündə bir neçə dəfə görüşlər keçirib, bütün instansiyalara məktublar göndərilib: "Təəssüflər olsun ki, İran tərəfi nəinki o şəxslərin qaytarılması, həbsi ilə bağlı da məlumat vermir. Lakin bütün bunlara baxmayaraq bu istiqamətdə iş aparılır və ən yuxarı instansiyalara məlumat veriləcək\".

Mətbuat katibi deyib ki, bu məsələ İranın dövlət strukturlarının biri-biri ilə əlaqəsinin olmadığını göstərdi.

David Qareci monastrının hansı ərazidə yerləşməsi məsələsinin gündəmə gətirilməsinə gəlincə PA rəsmisi: "Azərbaycan və Gürcüstan arasında SSRİ zamanı məlum sərhədlər var idi, müstəqillik illərində isə bu sərhədlərin delimitasiyası işləri aparılıb. Həmin kilsənin ərazisinin Azərbaycana aid olduğu, Azərbaycan tərəfdən həmin ərazinin qorunmalı olduğu təsdiqlənib. Lakin bəzi dairələr Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərindən narahatdır və onu pozmağa çalışır. Bunu Gürcüstanın bir sıra dini qrupları gündəmə gətirib və bu məsələni şişirtməyə çalışır. Bəzən Azərbaycanda da bir qrup şəxs Borçalı məsələsini dilə gətirirlər. Lakin biz BMT tərəfindən təsdiq olunmuş ərazi vahidlərinə sadiq qalırıq. Heç bir ərazi dəyişməsindən söhbət gedə bilməz. Biz Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırıq".

XİN-in mətbuat katibi Elman Abdullayev isə bildirib ki, Azərbaycanla Gürcüstan arasında mübahisəli məsələ yoxdur: "Keşikçi dağ məbədi ilə bağlı məsələ hökumətlərarası komissiya tərəfindən həll olunmalıdır. Monastırla bağlı məsələ Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın işi çərçivəsində həll olunur və tam normativ-hüquqi məsələdir. Bu məsələyə Azərbaycan və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov və Qriqol Vaşadzenin Çikaqoda NATO sammiti çərçivəsində keçirdikləri görüşdə də toxunulacaq. Çikaqo görüşündə nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələləri müzakirə edəcəklər".