Çempionlar Liqası: “Çelsi” qitənin ən güclüsüdür - FOTO

20 May 2012 09:16 (UTC+04:00)

Avropanın ən güclü komandası adına İngiltərənin "Çelsi klubu layiq görülüb. Məlumata görə, ötən gün gərgin keçən final oyununda "Bavariya"nı məğlub edən London təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının kubokuna sahib çıxıb.


Hərçənd matç boyu bütün üstünlüklər alman klubunun tərəfində olub. Əvvəla, finalın "Bavariya"nın doğma meydanında oynanılması əlavə üstünlük sayılırdı. Çoxsaylı qol vəziyyətlərindən yararlanmamaq isə problemə çevrilsə də, hesabı da meydan sahibləri açıblar. Özü də Müllerin vurduğu qol 83-cü dəqiqəyə təsadüf etdiyindən azarkeşlərin əksəriyyəti "Bavariya"nı artıq qalib sayırdı. Amma görüşün başa çatmasına bir dəqiqə qalmış "zadəganlar" hesaba tarazlıq gətirə bildilər. Künc zərbəsindən ötürülən topu Droqba qapıya yönəltdi - 1:1.


Beləliklə, qalibi müəyyən etmək üçün görüşə daha 30 dəqiqə əlavə olundu. 96-cı dəqiqədə meydan sahibləri daha bir üstünlük əldə etdilər. Amma Robbenin penaltidən yararlana bilməməsi stadiondakı və ekran qarşısındakı milyonlarla "Bavariya" tərəfdarını üzdü. Amma bu da son olmadı.


Penaltilər seriyasında Almaniya təmsilçisi yenidən önə çıxdı. Fərq iki topa çatınca çoxları yenə də meydan sahibləri üçün uğurun yaxında olduğunu düşündü. Amma ard-arda gələn iki uğursuz zərbə "Bavariya"ya faciə yaşatdı.


Penaltilərdə hesab bərabər olarkən sonuncu zərbələrin yerinə yetirilməsi də maraqla izlənildi. Əvvəlcə 11 metrlik nöqtəyə böyük əda ilə yaxınlaşan ulduz futbolçu Bastian Şvaynştayger topu qapı dirəyinə vurunca azarkeşlərindən xəcalət çəkdi və üzünü gizlətdi. Droqba isə "Çelsi"yə kuboku qazandıran penaltini dəqiq yerinə yetirdi.


\"Bavariya\" (Almaniya) - \"Çelsi\" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 3:4)

Qollar: Tomas Müller, 83 (1:0), Didye Droqba, 89 (1:1)


96-cı dəqiqədə \"Bavariya\"nın oyunçusu Aryen Robben penalti zərbəsindən yararlana bilməyib.