Korrupsiya həm varlı, həm də kasıb ölkələrə xas olan bir xəstəlikdir. Korrupsiya bir virusdur və tarix də sübut edir ki, bu bəla Azərbaycana kənardan ixrac olunub. Bu gün Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır və bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi üzərində işlər görülür. 2000-ci ildən etibarən korrupsiyaya qarşı mübarizə ilə bağlı normativ-hüquqi bazanın yaradılması, təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Ölkədə qanunvericiliyin təkmilləşdirilməsi üzərində müvafiq işlər həyata keçirilir. Bütün bu tədbirlərin görülməsinə baxmayaraq korrupiyaya qarşı mübarizə daima müzakirə olunan ən mühüm məsələlərdən biridir. Bu həftə Korrupsiyaya qarşı mübarizə ilə bağlı Milli Məclisdə növbəti dəyirmi masa keçirilib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr aparılıb. "Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Azərbaycanda Korrupsiyaya qarşı mübarizə sahəsində bir çox əlavə qanunların hazırlanmasına ehtiyac duyulduğunu deyib. Ə.Nuriyev qeyd edib ki, qanunlarla bağlı ictimai dinləmələri genişləndirmək, həmçinin, qanun layihəsinin hazırlanması prosesinə vətəndaş cəmiyyətinin nümayəndələrini cəlb etmək lazımdır. Dövlət qulluğunda çalışan məmurların imtiyazlarının o qədər də yetərli olmadığını deyən Fond sədri vurğulayıb ki, "Dövlət Qulluğu Haqqında Qanun"a ciddi dəyişiklik etməyə ehtiyac var: "Korrupsiya bəşəriyyət mövcud olandan indiyədək var və
idarəetməni həmişə müşayiət edib. Amma bəzi hallarda bu, sistemin əlaməti olub,
bəzən isə özü sistem xarakteri daşıyıb. Buna görə də onu məhdudlaşdırmaq
lazımdır. Heç kim deyə bilməz ki, korrupsiyanın qarşısını tam almaq mümkündür.
Onu məhdudlaşdırmaq olar ki, onlar dövlət qurumlarının fəaliyyətinə aktiv
surətdə müdaxilə edə bilməsin, vətəndaşların hüquq və azadlıqlarına mane
olmasın və iqtisadiyyatda monopoliyanın qarşısı alınsın. Çünki korrupsiya həm
də tez mutasiya olunan bir hadisədir. Amma bütövlükdə cəmiyyət bu prosesdə
iştirak edərsə, korrupsiya ilə mübarizədə daha səmərəli və effektli nəticələr
əldə olunar".
Millət vəkili Qüdrət Həsənquliyev isə tədbir çərçivəsində bu sahədə şəffaflıq və işin səmərəliliyinin artırılması istiqamətində bir sıra təkliflərin irəli sürüldüyünü deyib. Vətəndaş cəmiyyəti insitutları ilə dövlət orqanları arasındakı təmasların son dərəcə önəmli olduğunu deyən deputat vurğuladı ki, korrupsiyaya qarşı mübarizənin daha effektli aparılmasına qeyri-hökumət təşkilatlarının imkanlarindan istifadə etməyə imkan verir: "Əgər biz qanunverici orqan kimi qanunların qəbulu zamanı vaxtı qabaqlasaq, bu qanunlar işləməyəcək və bugün belə qanunlar da var. Çoxlu sayda bizim qanunlarımız var ki, onların müəyyən müddəaları icra orqanları tərəfindən tətbiq olunmur və açıq şəkildə qanuna sayğısız yanaşılır, yerinə yetirilmir. Məsələn, seriallarla bağlı qəbul olunmuş qərar televiziya və radio haqqında qanuna tamamilə ziddir. Yəni, bununla televiziyanın redaksiya fəaliyyətinə müdaxilə edilir. Bundan əlavə, tələbə köçürmələri haqqında təhsil qanunu var, amma icra strukturları qanuna əməl etmir. Bəzi məsələlərin həlli üçün mütləq zaman lazımdır ki, proseslər inkişaf eləsin. 15-20 il bundan öncə Azərbaycandakı mətbuatın səviyyəsi ilə indiki səviyyəsini müqayisə etmək düzgün olmazdı. Əlbəttə, artıq bu gün müstəqil media, qeyri-hökümət təşkilatları institutlaşıb, demokratiyanın əsası formalaşıb. Əminəm ki, bu tədricən qərb standartlarına cavab verən bir cəmiyyətin qurulmasına və korrupsiyanın səviyyəsini sıfıra endirməyə imkan verəcək".
"Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun icraçı direktoru Vasif Mövsümov deyib ki, bu mübarizədə vətəndaş cəmiyyətinin rolu danılmazdır. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizədə bütün dövlət qurumları ilə yanaşı, parlament də yaxından iştirak etməlidir. Korrupsiyaya qarşı mübarizənin səmərə verməsi üçün vətəndaşlar hiss etməldiir ki, onlar rüşvətsiz və korrupsiyasız bir cəmiyyətdə yaşayır. Amma təəssüflər olsun ki, aparılan sorğular onu göstərir ki, vətəndaşlar hələ də bunu hiss etmirlər və vəziyyət arzu etdiyimiz səviyyədə deyil. Bu gün əhalinin korrupsiya ilə bağlı şikayətlərinin bir çox sahələri əhatə etdiyini deyən fondun icarçı direktoru vurğuladı ki, ən çox şikayətlər sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr, ünvanlı sosial yardımların, əlillik dərəcələrin verilməsi ilə bağlı narazılıqlardır. Bundan əlavə, məhkəmə icraatında əhalinin incidilməsi ilə bağlı çoxlu şikayətlər gəlir. Ümumiyyətlə, şikayətlərin gəlməsi bir məsələdir, amma onların müsbət həlli məsələsi çox vacibdir.
Azərbaycanda korrupsiyya qarşı normativ hüquqi bazasının təkmilləşdiirlməsi məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən səsləndiirilən təkliflər yazılı qaydada Milli Məclisə göndəriləcək. Hər halda korrupsiyaya qarşı cəza tədbirləri olmadan buna qarşı mübarizə aparılsa, tədbirlər yarımçıq qala bilər. Amma bununla belə şəraiti aradan qaldırılması üçün müsbət addımlar atılmalıdır və bu işlər paralel getməlidir. Bu gün vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasındakı münasibətlər daha da sıx olmalıdır. Bir var ki, dövlət orqanı bunu məcburən edir, bir də var ki, dövlət qurumu öz iradəsi kimi həyata keçirir. Bu gün vətəndaş cəmiyyəti ilə dövlət quurmları arasındakı münasibətlər daha da sıx olmalıdır. Dövlət orqanı bunu məcburən yox, öz iradəsi kimi həyata keçirməlidir.