ADU-da “Nizami Gəncəvinin ictimai-fəlsəfi lirikası” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

18 May 2012 18:05 (UTC+04:00)

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvinin ictimai-fəlsəfi lirikası" mövzusunda elmi-praktik konfrans keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, universitetin tələbə-müəllim heyətinin iştirak etdiyi konfransda çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbəri olduğu universitetdə ədəbi tədbirlərin keçirilməsinin bir ənənə halını aldığını bildirib. N. Gəncəvinin Azərbaycan ədəbiyyatının incilərindən biri olduğunu deyən S. Seyidov bu yaxınlarda İtaliyada Heydər Əliyev fondunun dəstəyi ilə dahi şairə abidə ucaldığını qeyd edib: "Həyata keçirilən tədbirlər bir daha sübut edir ki, N. Gəncəvi Azərbaycan şairidir. N. Gəncəvi əbədi olaraq Azərbaycan xalqının ədəbi incisi olaraq qalacaqdır".

Rektor Azərbaycan Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzaladığını diqqətə çatdırıb. Ölkədə ədəbi mühitin inkişafına və öyrənilməsinə dövlət qayğısından danışan S. Seyidov N. Gəncəvinin yaradıcılığı ilə bağlı aparılan tədqiqatların bu günədək davam etdiyini, onun zəngin irsinin hələ də elmi tədiqatlarda öz əksini tapdığını və bundan sonra da onun yaradıcılığı ilə bağlı araşdırmalara ehtiyac olduğunu vurğulayıb. O, N. Gəncəvinin Azərbaycan şairi olmaqla yanaşı, bəşəriyyətin də ədəbi incilərindən biri olduğunu deyib. "Nizami Gəncəvi böyük mütəfəkkir, filoloq və öz dövrünün dahi filosofurur"- deyə o, sözlərinə əlavə edib.

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilinin və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Mətanət Abdullayeva "Nizami yaradıcılığında sufi eşq yolunun təqdimi" mövzusunda məruzə ilə çıxış edib. Sufizm barəsində məlumat verən M. Abdullayeva N. Gəncəvi yaradıcılığında sufizmlə bağlı olan məqamlara toxunub. Dosent şairin "Yeddi gözəl" poemasında sufi ədəbiyyatının xüsusiyyətlərinin geniş yer aldığını bildirib.

"Nizaminin eşq fəlsəfəsi"ndən isə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aytən Hacıyeva danışıb. A. Hacıyeva bəşər və cəmiyyətin kamilləşməsi istiqamətində Nizami əsərlərinin əhəmiyyətinə toxunub. O, şairin əsərlərində insan mənəviyyatını zənginləşdirən məqamlardan bəhs edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, professor İsmayıl Kazımov "Nizami Gəncəvidə sözün estetik meyarları" mövzusunda çıxış edib. İ.Kazımov şairin yaradıcılığında sözə verilən dəyərdən, onun əsərlərindəki bədii emosional zənginliydən söhbət açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Mahmud Allahmanlı isə çıxışında "Nizami Gəncəvi poeziyasının folklor qaynaqları"ndan bəhs edib. M. Almanlı şairin əsərlərində xalq ədəbiyyatının nümunələrindən bəhrələndiyini və folklor nümunələrinə rast gəlindiyini vurğulayıb.