YAP Gənclər Birliyində İbad Hüseynovla görüş təşkil edilib

18 May 2012 16:54 (UTC+04:00)


Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (GB) vətənpərvərlik mövzusunda silsilə tədbirləri davam etdirilir. SİA-nın xəbərinə görə, bu gün YAP GB Səbail rayon Gənclər və İdman idarəsinin təşəbbüsü əsasında "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynovla YAP GB-nin aktiv üzvlərinin görüşünü təşkil edib. Tədbiri giriş nitqi ilə YAP GB sədri Seymur Orucov açaraq xatırladıb ki, bu gün Ermənistan silahlı qüvvələrinin Laçın rayonunu işğal etməsindən 20 il ötür: \"Heç bir Azərbaycan vətəndaşının unutmayacağı bu tarixi günlərdə gənclərin Qarabağ müharibəsinin iştirakçısı olan qəhrəman qazilərlə görüşlərinin təşkil edilməsi böyük əhəmiyyətə malikdir. Bu gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə edilməsinə böyük yardım etmiş olur\".

Sədrin sözlərinə görə, müharibə şəraitində olan ölkəmiz üçün belə bir tədbirlərin təşkili təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. O, Azərbaycanın 155 səslə BMT TŞ-na üzv seçilməsini ölkəmizin artıq beynəlxalq arenada öz sözünü demək bacarığına malik olmasından xəbər verdiyini sözlərinə əlavə edib. Qeyd olunub ki, bu nüfuz isə bir gün ərzində qazanılmayıb və bunun əsasında Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası durur. \"Hazırda bu xətti yeni şərtlər daxilində Prezident İlham Əliyev davam etdirir və məhz bu davamlılıq və varislik Bakının BMT TŞ-yə üzv seçilməsi haqqında qərarın qəbulu zamanı həlledici faktor rolunu oynayıb\",- deyə YAP GB-nin sədri əlavə edib.

S.Orucov çıxışının sonunda Azərbaycanın yaxın gələcəkdə ermənilərin işğalı altında olan öz torpaqlarını geri qaytaracağını əminliyini ifadə edib.


Daha sonra \"Azərbaycan Bayrağı\" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynov "Biz Heydər Əliyevin əsgərləriyik" mövzusunda nitq söyləyərək gənclərə öz keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Monteyə atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanəvi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür.


Qəhrəman kəşfiyyatçı İbad Hüseynov işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu deyib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. İbad Hüseynovun haqqında nəşr olunan "Xüsusi təyinatlı" kitabda gənclərə təqdim olunub. Bildirilib ki, bu gün burada iştirak edən tələbələrin əhval-ruhiyyəsi inam yaradır ki, torpaqlarımız erməni tapdağından azad olunması uğrunda mübarizədə mütləq qalib gələcəyik.


Daha sonra İbad Hüseynovun döyüş yoldaşı Akif Qasımov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, İbad Hüseynov çətin sınaqlardan uğurla çıxıb: \"İgid kəşfiyyatçı nəinki Azərbaycan xalqı və türk dünyasının, bütövlükdə insanlığın qarşısında böyük xidmət göstərərək Monte Melkonyan kimi qəddar terrorçunu aradan götürüb. İbad Hüseynov sağlığında əfsanələşmiş qəhrəmana çevrilib. Ona görə xalqımız daim belə oğulları ilə fəxr etməlidir\".

Gənclər xalqımızın yaşadığı faciələr, soyqırımları haqqında məlumatlı olmaqla yanaşı, Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirmiş İbad Hüseynovu, bu igid kəşfiyyatçının döyüş yoldaşlarını tanımalı və onlardan nümunə götürməlidirlər. Gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə canlı qəhrəmanlar təbliğ edilməlidir. Çünki onların keçdiyi döyüş yolu tələbələr və gənclərimiz üçün bir örnəkdir\".

Sonra qəhrəmanın döyüş yolunu əks etdirən video-çarx nümayiş olunub. Burada qəhrəman haqqında sənədli filmlərdən çəkilmiş fraqmentlər nümayiş olunub.


Tədbirdə İbad Hüseynovun komandiri Məhəmməd Qədirov və digərləri də çıxış edərək bildiriblər ki, hər bir Azərbaycan gənci öz torpağını qorumalı və vətən uğrunda canından belə keçməyə hazır olmalıdır.