ANS üçün yeni loqotip

18 May 2012 16:16 (UTC+04:00)

Bu gün ANS Qrupun rebrendinqi ilə əlaqədar mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, mətbuat konfransını giriş sözü ilə açan vitse-prezident Mirşahin Ağayev ANS-in 20 illik tarixi barədə bir daha qısaca məlumat verib. Baş rejissor Antye Dombrovski isə rebrendinqi inkişaf ilə əlaqələndirib. Yeni loqotipdə əks olunan romb işarəsinə gəlincə isə artdirektor Andreas Brietzke bunu Azərbaycanın mədəniyyəti, arxitekturamızda tez-tez rastlanan bir ornament kimi qiymətləndirib. Sonda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bütün konfrans iştirakçılarına təşəkkürünü bildirib. Mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandıran Vahid Mustafayev rebrendinqi həm də efir nizam-intizamı ilə əlaqələndirib.


ANS üçün yeni loqotip müxtəlif naxışların əsasında əsas forma – rombdur. Romb - yeni loqotip, eləcə də bütünlükdə korporativ üslub üçün əsas götürüləcək. Loqotip bir yerdə qoyulan üç rombdan ibarət olan bərabərtərəfli altıbucaq formasında olacaq. Üç romba üç hərf – A, N və S yazılacaq.


Verilişlərin rəngi müasir və ahəngdarlığı seçiləcək. Bu üsulla tamaşaçılar verilişləri tematik qruplara ayıra biləcək və bu, onlara müəyyən hisslər verəcək. Məsələn, səhər verilişləri üçün seçilən narıncı və sarı rənglər Azərbaycanın üzərində doğan günəşi simvolizə edir. Göy rəng neytrallıq, obyektivlik, beynəlxalqlığı simvolizə edir və xəbər verilişlərinin yeni rəngi olacaq. ANS siyası verilişləri ilə məşhurdur və ANS-in əsas rəngi çoxdan qırmızı rəng hesab olunur. Buna görə də siyasi verilişlər üçün çox güclü rəng hesab olunan qırmızı rəng əsas götürüləcək. Həmçinin korporativ üslubda romb və qradient – bir rəngdən digərinə, yaxud da şəffaflığa keçiddən istifadə olunub ki, bu da öz növbəsində dinamika, müxtəliflik, eləcə də ANS-in tanınmağına nail olacaq. Yaxşı oxunaqlı, müasir və dəqiq tipoqrafikadan istifadə olunacaq. Bu cür tipoqrafika şriftlərlə rahat və zəngin əməliyyatlar aparmağa imkan verəcək və qrafik ahəngdarlıq yaradacaq. Beləliklə, ANS-in yeni korporativ üslubunun bütün sadalanan amilləri telekanala gələcəkdə daha çox qrafik imkanlara nail olmaq üçün şərait yaradacaq.