ASAIF beynəlxalq əlaqələrini genişləndirir - FOTO

18 May 2012 14:52 (UTC+04:00)

İstanbul, Ankara başda olmaqla Böyük Britaniyada türkiyəli gənclər tərəfindən təsis olunan "Network of Students" yəni "Tələbələrin Şəbəkəsi" adlı təşkilatın və Türkiyədə fəaliyyət göstərən "Türkiyə Tələbələr Şurası"ın təşkilatçılığı ilə 6 günlük tədbir keçirilib. ASAİF-dən SİA-ya verilən məlumata görə, Böyük Britaniyanın reytinqcə ən yüksək səviyyəli universitetlərində təhsil alan, ictimai-siyasi və təşkilatı baxımdan gənc, fəal Türkiyə vətəndaşı iştirak etmək üçün dəvət alıb. Tədbirin əsas məqsədi və mahiyyəti Böyük Britaniyada təhsil alan fəal gənclərin türkiyəli rəsmilərlə görüşlər keçirməsi, əlaqələrin qurulması və bu şəbəkənin inkişaf etdirilməsidir. Eyni zamanda Türkiyənin ən yüksək səviyyəli ali təhsil ocaqlarının rəhbərləri və ümumilikdə universitetlərlə tanışlıqların əldə olunması, Britaniyada təhsil alan gənclərin həm yerli-ictimai, həm də beynəlxalq səviyyədə diaspora və lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi üçün lazımı işlərin görülməsinə veriləcək dəstəyin təmin olunmasıdır.

Bu 6 günlük önəmli tədbirlədə gənclər ilə Türkiyə Cümhuriyyəti rəsmiləri, Türkiyədə fəaliyyət göstərən yerli gənclər təşkilatları, İstanbulda və Ankarada olan müxtəlif universitetlərin idarə heyətlər arasında görüşlər keçirilib. Bu tədbirlərdə xaricdə məzun olmuş və təhsil alan Azərbaycanlı gəncləri öz çətiri altında birləşdirən ASAIF çox uğurla təmsil edib.

Tədbirlərdə yeganə Azərbaycanlı olaraq, Böyük Britaniyanın York Universitetin siyasət və beynəlxalq münasibətlər ixtisası üzrə bu il məzun olacaq tələbəsi, York Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, ASAIF-in İdarə Heyətinin üzvü və Böyük Britaniya kordinatoru olan Ramin Həkimov iştirak edib.

ASAIF-i təmsil edən Ramin Həkimov bir çox önəmli Türkiyə rəsmisi ilə görüşüb və ASAIF-in fəaliyyətindən, uğurlarından, gələcək planlardan, təhsilindən bəhs edərək Azərbaycan və Türkiyə gənclərinin birlikdə fəaliyyətinin çox önəmli olduğunu vurğulayıb. İstanbulda Ramin Həkimov Yeditepe və Sabancı Universitetlərinin rector müavinləri, beynəlxalq münasibətlər departament müdirləri, akademik heyət və gənclər şurasının idarə heyəti ilə görüşlərdə iştirak edib.

Bundan başqa, 1920-ci ildə Atatürk tərəfindən qurulan Turkiyənin ilk Böyük Millət Məclisi binasına ziyarət təşkil olunub.

Əlavə olaraq onu qeyd edək ki, tədbirlərin ikinci günündə "Network of Students" təşkilatı üzvləri və Ramin Həkimov Ankarada təhsil alan azərbaycanlı ASAIF ailəsinin təcrübəli üzvləri ilə görüş keçirib. Görüşdə ASAIF-in Ankaradakı fəaliyyəti müzakirə edilib, bundan sonrakı diaspor-lobbiçilik fəaliyyəti üçün, Azərbaycanı uğurlu və layiqli təmsili üçün fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, azəri qonaqlar Ankarada bir sıra rəsmilərlə də görüşlər keçirib.

Görüşdə R. Həkimov York Universitetindəki təhsilindən söz açıb və ASAIF-in gördüyü işlərdən qısa olaraq məlumat verib. Tədbir gənclərin AK Partinin Türkiyə Böyük Millət Məclisindəki 700 nəfərlik Qrup Toplantısıdakı dinləyici kimi iştirakı ilə davam edib və qrup toplantısında Türkiyə Cümhuriyyətinin baş naziri Recep Tayyip Erdoğan çıxış edib.


Qrup toplantısından sonra isə Ramin Həkimov Türkiyə Cümhiriyyətinin Bursa millət vəkili Öndər Matlı, gənclər və idman naziri Suat Kılıç, energetika və təbii sərvətlər naziri Taner Yıldız və baş nazir Recep Tayyip Erdoğanla görüşüb və Azərbaycanı, qardaş ölkəni təmsilən bu tədbirlərdə yer aldığını, Böyük Britaniyada təhsilini davam etdirdiyini və ASAIF-in uğurlu fəaliyyətini diqqətlərinə çatdırıb.

Beləliklə 6 günlük İstanbul-Ankara tədbirləri uğurla sona çatıb. Görüşlərdə ikitərəfli münasibətlər qurulub, gələcəkdəki Azərbaycan-Türkiyə gənclərinin birlikdə fəaliyyətinin necə önəm daşıdığının və gənclərin bundan sonrakı həyatlarında necə fəaliyyət göstərəcəkləri ilə bağlı bir yol qət edilib.