Türkiyə Futbol Federasiyası \"Fənərbaxça\"nı və \"Qalatasaray\"ı  cəzalandırdı!

18 May 2012 11:46 (UTC+04:00)

Qardaş Türkiyədə futbol fırtınası hələ də müzakirə mövzusu olaraq qalır. Siasport.az saytı xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın final mərhələsinin son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb. Federasiya qurumunun çıxardığı qərara əsasən, sonuncu turda doğma meydanda \"Qalatasaray\"la 0:0 hesablı bərabərə qalmaqla çempionluğu əldən verən \"Fənərbaxça\" klubu yeni mövsümdə 6 oyunu boş tribunalar qarşısında keçirməli olacaq. Buna səbəb kimi isə \"sarı lacivərdli\" azarkeşlərin \"Qalatasaray\"la oyundan sonra qalmaqal yaratması göstərilir. \"Fənərbaxça\" klubu bu cəza ilə yanaşı, 38,750 türk lirəsi məbləğində cərimələnib. TFF \"Qalatasaray\" klubunu da cəzasız qoymayıb. \"Cim Bom\" \"Fənərbaxça\" ilə görüşdən sonra mətbuat konfransına oyunçu göndərmədiyi üçün 10 min türk lirəsi məbləğində cəzalandırılıb. Klubun prezidenti Ünal Aysal isə matçdan sonra verdiyi sərt açıqlamaları səbəbindən 15 min türk lirəsi civarında cəzaya məruz qalıb. \"Beşiktaş\"la oyunda (1:1) qırmızı vərəqə alan \"Trabzonspor\"un hücumçusu Burak Yılmaz isə 3 oyunluq cəzalandırılıb. Bununla da, Yılmaz yeni mövsümün ilk 3 matçını buraxmalı olacaq. Trabzon təmsilçisinin baş məşqçisi Şenol Günəş isə görüşdən sonra matçın hakiminə qarşı təzyiq göstərdiyi üçün cəzalandırılıb. Cəzaya görə 3 oyunluq paltardəyişmə otağına girməyi qadağan olunan Şenol eyni zamanda məşqçilər korpusunda yer almayacaq.