İlham Əliyev Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib

17 May 2012 15:15 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, səfir Şerzod Fayziyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Şerzod Fayziyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Şerzod Fayziyev Özbəkistan Prezidenti İslam Kərimovun ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Ölkələrimiz arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı bu münasibətlərin səmimi, dostluq xarakteri daşıdığını deyib. Prezident İlham Əliyev ötən il dövlət müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycanın və Özbəkistanın bu illər ərzində böyük uğurlar qazandığını bildirib. Özbəkistana səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini qeyd edib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı iqtisadi xarakterli layihələrin reallaşa biləcəyi yeni mərhələdə münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə səfirin töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan səfir Şerzod Fayziyev bu əlaqələrin, o cümlədən iki ölkənin dövlət başçıları arasında mövcud olan münasibətlərin səmimi xarakter daşıdığını deyib. Dövlətimizin başçısı Prezident İslam Kərimovun ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da ən xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş edib.