Eduard Bağırov: “Azərbaycanlı olmağımla qürur duyuram” - MÜSAHİBƏ

17 May 2012 15:02 (UTC+04:00)

Müsahibim Ukraynada yaşayan həmyerlimiz, "Beynəlxalq insan hüquqları təşkilatının" rəhbəri Eduard Sadıx oğlu Bağırovdur. Eduard müəllim, 1968-ildə Bakıda anadan olub, 60 saylı orta məktəbdə təhsil alıb. Əsgəri xidmətindən sonra Ukraynaya gəlib və əmək fəaliyyətinə fəhlə kimi başlayıb. İlk kooperativ cəmiyyəti yaradanlardan biri olub. Uzun müddət komsomol orqanlarında çalışıb. Bundan sonra E.Bağırov "Beynəlxalq İnsan Hüquqları" təşkilatını yaradaraq özünü bu sahədə sınağa çəkib.

"Mən Ukrayna vətəndaşı olmaqla yanaşı həm də azərbaycanlıyam. Bu yaxınlarda Azərbaycan-Ukrayna münasibətlərinin qurulmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə mən də iştirak edirdim", - deyə Eduard müəllim sözə başladı: "Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli iki dövlət arsında qurulmuş siyasi-iqtisadi əlaqələrdən, Azərbaycan–Ukrayna birliyindən geniş məruzə etdi. Onu da qeyd edim ki, Eynulla müəllim gələn gündən Ukrayna–Azərbaycan dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bundan əlavə o Ukrayna azərbaycanlılarının bir bayraq altinda sıx birləşməsinə çalışır. Bu Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir. Bir çox dövlətlərin səfirlərinin də qatıldığı tədbirdə mən də çıxış etdim. Dedim ki, Azərbaycana gedirəm, məndən soruşurlar ki, sizdə - Kiyevdə vəziyyət necədir, Kiyevə qayıdıram, deyirlər sizdə Bakıda nəvar, nə yox? Mənim həyat yoldaşım ukraynalıdir. Bu o deməkdir ki, artıq öz ailəmdə mən Ukrayna-Azərbaycan birliyini yaratmışam. Mənim yaratdığım bu təşkilatın bir çox dövlətlərdə o cümlədən Avropada filialları var. Artıq Bakıda da yeni filialımız açılıb. Mən Azərbaycan oğlu kimi ukraynalıların beynəlxalq hüquqlarını müdafiə edirəm. Təşkilatımız daxili işlər, prokurorluq orqanları, Ali Rada və bir çox nazirliklərlə sıx əməkdaşlıq edir. Çox sevinir və fəxr edirəm ki, bütün ali orqanlarda hər hansı bir insan haqları müdafiəsi işi varsa çalışırlar bizə həvalə etsinlər. Bütün bunlar mənim həmişə azad fikirli insan olduğum üçün, aparılan işlərin obyektivliyindən irəli gəlir. Hər dəfə anam bura gələndə danışırdı ki, Bakı gündən-günə inkişaf edir. Fikirləşirdim ki, qadındır, yəqin bir az da gördüklərini şişirdir. Bu yaxınlarda elə oldu ki, mən işimlə bağlı Bakıya getdim. Gördüklərim məni heyran etdi, doğrudan da mənim doğma Bakım necə dəyişib, Avropa şəhərlərini xatırladır. Tez-tez regionlarda açılan zavod-fabriklər məni sevindirməyə bilməz. Mən prezidentin saytına girərək öz ürək sözlərimi yazdım. Bir neçə gündən katiblikdən mənə zəng vurub xoş sözlərə görə, təşəkkürlərini bildirəndə isə mən heyran oldum, əlbəttə, operativliyə görə. Bilirsinizmi, çox zaman buna bir formallıq kimi də baxırlar, lakin Azərbycanda bütün sahələr kimi informasiya da çox inkişaf edib. Mən Azərbaycanın bugünki inkişafına baxaraq onu deyə bilərəm ki, çox qısa bir müddətdə dövlətimiz dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bizim ən böyük problemimiz var, bu da torpaqlarımızın işğal altında qalmasıdır. Bilirsinizmi, mən burada yaşayan Bakı erməniləri, erməni icması ilə də görüşür, müəyyən söhbətlər aparıram. Təəssüf ki, bugünki, Ermənistan rəhbərliyi kompromisə getmək üçün danışıqlar masası arxasında oturmağa hazır deyil. Müharibədə bizimlə yanaşı erməni əhalisi də əziyyət çəkir və bu, belə davam edə bilməz. Bütün bunlarla yanaşı biz müharibəyə də hazır olmalıyıq. Dədə-babalarımızın bizə əmanət etdiyi torpaqları işğal altında qoymaq olmaz, bu qanunlara da ziddir. Odur ki, biz beynəlxalq qanunlara məhəl qoymayanların torpaqlarımızı işğal etməsinə göz yuma bilmərik".


- Siz qaçqınlarımızın pozulmuş hüquqlarını Avropa məhkəmələrində bərpa etsəniz, bu, ümumi işimizə kömək olar. Elə deyilmi?

- Bilirsinizmi, biz bu məsələlərə fərqli yanaşırıq. Aidiyyəti qurumlara haqlı olduğumuzu daha yaxşı sübut edəriksə, onda Ermənistan rəhbərliyini tutduğu səhv mövqeyindən çəkindirə bilərik.


- Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyinin tez-tez dəyişməsi, çox zəif iş aparmasının səbəblərini bir azərbaycanlı kimi necə izah edə bilərsiniz?

- Hamı bəylik arzusundadır. Bu da əsasən millətin parçalanmasına səbəb olur. Bu ad çox möhtəşəm səslənsə də konqresin işi elə də gözə çarpmayıb. Yadımdadır, mən təmənnasız hüquqi köməyimi dəfələrlə onlara təklif etmişəm, amma cavab almamışam. Hərə cibinə bir vəsiqə qoymaqla iş bitmir, çalışıb ümummilli dəyərlərimizin qorunması üçün işlər görülməlidir. Onu da deyim ki, yeni səfir gələndən sonra burada da işlər görülməyə başlayır. Bu gün mənim Ukraynada işləyən bir layihəmə Azərbaycanda da baxılır. Bu mobil tərcümədir, "Avroviziya" mahnı müsabiqəsi zamanı bu çox vacibdir".


- Bilirsiniz ki, erməni diasporu güclüdür, bəs siz bir ziyalı kimi bizim diasporumuzun güclü olması üçün nə edirsiniz?


- Mən üzdə olan insanam, tez-tez televiziya ekranlarında, hər hansı bir dəyirmi masalar arxasında aparılan söhbətlərdə öz fikrimi bildirən zaman mənim adım və soyadım yazılır. Hamı bilir ki, mən azərbaycanlıyam. Mən bununla sübut edirəm ki, böyük bir millətin nümayəndəsiyəm. Hər bir millətin bazarında dayanan vətəndaşı ilə yanaşı ziyalısı olduğu kimi bizim də xeyli ziyalılarımız var. Mənimlə yanaşı həkim və ya mədəniyyət işçisi də var ki, millətini təmsil edir. Mənim kimi insanların səhv etmək hüququ yoxdur. Mənə çox təkliflər var ki, hər hansı bir partiyadan siyasətə qoşulum. Bizim təşkilatımız məni daha çox tanıdır, nəinki hər hansı bir partiyadan təmsil olunmağım. Bilirsiniz ki, mənim rəhbərlik etdiyim təşkilat iqtidara müxalifətdir. Bu bütün dünyada belədir, əgər Strasburqda müraciət olunan ərizələrə baxsaq görərik ki, bütün Avropa ölkələrindən şikayət məktubları var. Əlbəttə ki, burada söhbət vətəndaşın dövlət tərəfindən pozulmuş hüqüqundan gedir. Mən bütün ali orqanlarda hər hansı bir məsələnin müzakirəsində iştirak edərək məmurun atdığı səhv addımı vətəndaşlar qarşısında açıqlayaraq fikrimin onlar üçün dəyərli olduğunu görəndə artıq azərbaycanlı üçün bir imic formalaşdırıram. Mən Bakıda Ombudsman Elmira Süleymanova ilə görüşdüm və onunla həmfikir də olduq ki, azərbaycanlıların istər Ukraynada, istər digər dövlətlərdə hüqüqlarının qorunması vacibdir.


Eduard Bağırov bizimlə söhbətindən sonra mətbuat konfransı keçirərək Avropa çempionatına gələn xarici vətəndaşlar üçün pulsuz hüquqi yardım göstərilməsini təklif etdi. Doğrudan da bütün bu görülən işlərin arxasında azərbaycanlı soyadının dayanması bizdə də qürur hissi yaratdı.


Əlmaniz Ələkbərli, Ukrayna bürosu