Mübariz Əhmədoğlu: “KTMT Dağlıq Qarabağı Azərbaycana qaytaracaq” - MÖVQE

17 May 2012 13:52 (UTC+04:00)

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son Moskva toplantısında qurumun yaydığı bəyannamədə Dağlıq Qarabağ məsələsi ilə bağlı Helsinki yekun aktının məlum üç prinsipi olduğu kimi göstərilir. Bu da onu göstərir ki, qurumu himayə edən Rusiya münaqişənin həllində ciddi maraqlıdır".

SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi "Qarabağ saatı"nda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib

Politoloq qeyd edib ki, KTMT-nin yaydığı bu bəyanatda millətlərin öz müqəddəratını təyin etmə prinsipindən söz getmir: "Burada xalqların bərabərliyi qeyd olunur. Bu da o deməkdir ki, Dağlıq Qarabağın statusunun təyin olunmasında buranın azərbaycanlı və erməni icmaları bərabər hüquqlara malikdir. Bu baxımdan KTMT bəyannaməsi eyni zamanda BMT-nin nizamnaməsinə uyğun hazırlanıb".

M.Əhmədoğlu vurğulayıb ki, bəyannamənin digər vacib əhəmiyyəti də var. "Bu ondan ibarətdir ki, Azərbaycan KTMT-nin üzvü deyil, lakin Ermənistan üzvdür. Yəni Ermənistanın özünün üzv olduğu təşkilat onu vadar edir ki, beynəlxalq hüquq normaları çərçivəsində münaqişəni həllinə razılaşsın", - deyə o bildirib.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi hazırda kifayət qədər ciddi mərhələdədir. "KTMT Dağlıq Qarabağı Azərbaycana qaytaracaq. Burda artıq Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Ermənistan bir dövlət kimi, millət kimi sıradan çıxıb. Münaqişənin həlli birbaşa Azərbaycan-Rusiya danışıqları ilə həll olunacaq. Ola bilsin bu danışıqlar KTMT-nin vasitəsi ilə aparılsın və bu, artıq realdır" - deyə politoloq əlavə edib.

KTMT-də müzakirə olunan postsovet məkanına aid yeganə məsələnin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən politoloqun sözlərinə görə, ermənilərin bu günə kimi əldə etdiyi nailiyyət Rusiya hakim dairələrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqladığı bəyanatlara əks bəyanat verən hansısa siyasətçini ortaya çıxarmaq olub. "KTMT-nin sonuncu bəyanatından sonra Ermənistan artıq Rusiyanın mövqeyini ikisəsli edə bilməyəcək" - deyə M.Əhmədoğlu vurğulayıb.