Azərbaycanlı nümayəndə Çikaqo İpək Yolu Konfransında çıxış edib

17 May 2012 12:10 (UTC+04:00)

Çikaqoda ənənəvi 7-ci İpək Yolu Konfransı başa çatıb. Bu barədə SİA-ya Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir. Çikaqoda yerləşən Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzi, Çikaqo Beynəlxalq Ticarət Mərkəzi, İllinoys Texnoloji Universiteti və Şərq-Qərb Universiteti tərəfindən birgə təşkil edilmiş bu konfransda ABŞ-ın müxtəlif ştatlarından iş adamları, məsləhət şirkətləri, akademik dairələrin üzvləri, həmçinin beynəlxalq təşkilat və diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Pakistan və Tacikistanın nümayəndə heyətləri ölkə təqdimatları ilə çıxış ediblər.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Nərgiz Qurbanova konfransda çıxış edərək İpək Yolunun inkişafında Azərbaycanın mühüm rol oynadığını qeyd edib və hal-hazırda ölkəmizdə həyata keçirilən iri miqyaslı infrastruktur layihələri, xüsusən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı beynəlxalq dəniz ticarət limanı, Heydər Əliyev beynəlxalq hava limanının yeni sərnişin terminalı və Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) layihələri barədə iştirakçılara ətraflı məlumat verərək bu layihələrin regionda iqtisadi əməkdaşlıq əlaqələrin təşviqində strateji əhəmiyyəti barədə danışıb. Bununla yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu və Azərbaycan tərəfinin təşəbbüsü ilə regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli enerji layihələri barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.