Azərbaycanda bələdiyyə sədri korrupsiya faktına görə həbs edilib

17 May 2012 10:14 (UTC+04:00)
Azərbaycanda bələdiyyə sədri korrupsiya faktına görə həbs edilib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanıb.
Həyata keçirilən araşdırmalar nəticəsində müəyyən edilib ki, Rəhman İsrafilov Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri işləyərkən həmin kənd sakininin istifadəsində olan 0,06 ha torpaq sahəsinin, eləcə də həmin sakinin yaşadığı evin qarşısındakı 0,03 ha torpaq sahəsinin qardaşının adına rəsmiləşdirilməsinə görə vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb edib.
Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 14 may 2012-ci il tarixdə tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
R. İsrafilov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.