11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib

16 May 2012 17:27 (UTC+04:00)

Bu gün 11 saylı Uşaq Musiqi Məktəbi şagirdlərinin Respublika gününə həsr olunmuş hesabat konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasim Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi və Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə həyata keçib.

Tədbirdə 11 saylı Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Quliyev, 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan 11 saylı Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Quliyev hesabat konserti haqda danışıb: " Hər dərs ilinin sonunda bütün musiqi məktəbləri konsert verir və məktəbdəki bütün nailiyyətlər üzə çıxır. Onu da söyləyim ki, ən ağır şəraitlisi bizim məktəb olub. Ancaq müraciətlərimizdən sonra standartlara uyğun binamız tikilməkdədir. 11 saylı Uşaq Musiqi Məktəbində geniş zal və yeni avadanlıqlarla təmin olunmuş sinif otaqları olacaq".

Qeyd edək ki, tədbir şagirdlərin ifaları ilə davam etdirilib.