ÜTT, yoxsa “EvrAzes” - TƏHLİL

16 May 2012 15:10 (UTC+04:00)

Mayın 15-də Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi sammiti keçirildi. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə təşkil olunan sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak etdi.

Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Türkmənistan, Tacikistan və Özbəkistan prezidentlərinin də qatıldığı Sammitdə MDB dövlətlərinin "EvrAzes" təşkilatına, Azad Ticarət Zonasına qoşulması barədə müzakirələr aparıldı.

Layihənin banisindən dəyərləndirmə

Əslində Rusiyanın MDB ölkələrinin azad ticarət zonası yaratmaq təşəbbüsü 1994-cü ildən yaranıb. MDB rəhbərləri azad ticarət zonasının yaradılması haqqında ilk dəfə 1994-cü ildə protokol imzalayıblar. Amma 2000-ci ildən bəri son müqaviləni imzalamaq barədə yalnız vədlər eşidilib. İllərlə sürən danışıqlardan sonra, nəhayət 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda bu təşəbbüs baş tutdu. MDB hökumət başçıları MDB Azad Ticarət Zonası ilə bağlı müqavilə imzaladı. Müqaviləni Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ermənistan, Moldova və Tacikistan imzaladılar. Azərbaycan, Özbəkistan və Türkmənistan isə 2011-ci ilin sonuna kimi bu müqaviləyə qoşulmaq imkanlarını öyrənəcəklərini bildirdilər.

Layihənin banisi Putin bu razılaşmanı regionun iqtisadi inkişafı üçün aparıcı addım kimi dəyərləndirdi: "Biz bazarlarımızı bir-birimizin üzünə açırıq. Bu o deməkdir ki, malları aşağı qiymətə ala biləcəyik, öz növbəsində yeni birgə müəssisələrin yaradılmasını daha yaxşı şərtlərlə təmin edəcək. Bütün bunlar əlbəttə ki, bizim iqtisadiyyatımızın rəqabətini artıracaq".

​​Azərbaycan nə qazanır, nə itirir?

Razılaşmaya əsasən idxal və ixrac bir çox mallarda rüsum haqqını aradan qaldırır. Bu birliyə qoşulmaqla Azərbaycan nə qazanır, nə itirir? Ümumdünya Ticarət Təşkilatına qoşulsa və Avropa İttifaqına istiqamət götürsə, qazancı və itkisi nə olar? İqtisadçı ekspertlərin bu mövzuda fikirləri fərqlidir. Hər nə qədər Putin iddia etsə ki, bu müqavilə heç də Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qarşısında götürülən öhdəçiliklərə mane olmur, bunun əksini düşünənlər var.

İqtisadçı ekspertlərin sözlərinə görə, bölgə ölkələri ilə bir birliyə daxil olmağa ehtiyac yoxdur, Azərbaycan MDB ölkələri ilə ticari münasibətlərini ikitərəfli müqavilələrlə də davam etdirə bilər. Həmin müqavilənin imzalanması məhz Rusiyanın fəaliyyəti sayəsində hazırda Azərbaycanla problemləri olan Ermənistanın məhsullarının Azərbaycan ərazisinə daxil olmasına şərait yaratmaqla yanaşı bəzi qardaş ölkələrin daha keyfiyyətli məhsullarının ölkə bazarından sıxışdırılıb çıxarılmasına zəmin yaradar.

Ticarət, yoxsa siyasi alver

Azərbaycan MDB azad ticarət zonasına daxil olmaqdan imtina etməklə heç nə itirmir. Rusiya MDB məkanında sanki Avropa İttifaqına oxşar yeni iqtisadi zona yaratmaq istəyir. Hazırda Azərbaycan üçün prioritet məsələ Ümumdünya Ticarət Təşkilatına daxil olmaq və beynəlxalq ticarətə bu təşkilatın qaydaları əsasında getmək olmalıdır nəinki, Rusiyanın hazırladığı və arxasında iqtisadi maraqlardan daha çox siyasi məqsədlərin dayandığı birliyə qoşulmaq. Bu, üzdə olan danışıqlarda hansısa siyasi alverin getdiyindən xəbər verir.Rusiya Dövlət Dumasının MDB Dövlətləri üzrə İş Komitəsinin sədri Leonid Slutski keçirdiyi mətbuat konfransında ölkələrin yeni quruma üzvlüyündə hansısa təzyiqlərin olmasına belə münasibət bildirib: "Bəzi ölkələr Rusiyanın təsiri ilə bu ölkələrin həmin təşkilatlara qoşulduğunu söyləyirlər. Belə deyil. Hansı ölkə öz iqtisadiyyatını böyütmək və inkişaf etdirmək istəyirsə, bu təşkilatlara qoşulur\".

Rusiyanın Azərbaycan üçün önəmi

Ekspertlərin bir qismi isə düşünür ki, Azərbaycanla ticarətdə Rusiyanın önəmli rolu var. Xüsusilə həm idxalda, həm də kənd təsərrüfatı məhsulları baxımından ixracda Rusiyanın yaxın bazar olması Azərbaycan üçün önəmli rol oynayır.

Azərbaycanda Rusiya Federasiyasının ticarət nümayəndəsi Yuri Şedrinin məlumatına görə, Rusiya və Azərbaycanın arasında qarşılıqlı əmtəə dövriyyəsi 2011-ci ilin yekunlarına görə 2 mlrd. 829,2 mln. dollar təşkil edib, bu isə 2010-cu ilin göstəricisindən 47,4 faiz çoxdur. Onun sözlərinə görə, Azərbaycandan Rusiya Federasiyasına ixracat 53,5 faiz - 1 mlrd. 187,4 mln. dollara qədər, Azərbaycana idxal - 43,3 faiz - 1 mlrd. 641,8 mln. dollara qədər artıb.

"Rusiya Azərbaycana məhsul idxalatçıları arasında liderlik mövqeyini qoruyub, neft və qaz nəzərə alınmasa isə əsas eksportçudur", - deyə ticarət nümayəndəsi qeyd edib.

İki ölkənin artan ixracat potensialı

Y.Şedrin 2011-ci ildə əmtəə dövriyyəsinin əhəmiyyətli artmasını iki ölkənin artan ixracat potensialı, iqtisadi sahədə işlənmiş müqavilə-hüquqi baza, RF regionları ilə Azərbaycanın əlaqələrinin inkişafı ilə izah edib.

Azərbaycana Rusiya ixracının 90 faizi dərin emal məhsulunun payına düşür, bu isə, onu karbohidrogenlər və xammalın digər növünün bazarının şəraitindən daha az asılı edir. Azərbaycana Rusiya ixracının əsas maddələri ərzaq, avtomobillər, avadanlıq və nəqliyyat vasitələri, oduncaq, kimya məhsulu, elektrik enerjisi, qara və əlvan metallardan ibarətdir. Rusiyaya Azərbaycan ixracı strukturunda mineral məhsullar (bütün ixracın 46,6 faizi), ərzaq malları, ASK məhsulu üstünlük təşkil edir.