İslam coğrafiyasında liderlik savaşı

22 May 2012 16:05 (UTC+04:00)

İran ilə Türkiyə arasındakı münasibətlər şahmat taxtasında olduğu kimi, tarix boyunca həmişə siyasi oyunlar və nüfuz çəkişmələrinə səhnə olub. Osmanlı dövründən bu yana Türkiyənin İranla əlaqələri o qədər də yaxşı olmayıb. İslam coğrafiyasında nüfuz sahibi olmaq, liderlik uğurunda bu iki ölkə və Misir arasında davamlı bir çəkişmə və rəqabət yaşanıb.

Osmanlı dövründə uzun illər davam edən savaşlar sonradan qarşılıqlı intriqalara çevrilib. Türkiyə İran əlaqələri uzun müddət "sabit" bir vəziyyətdə saxlanılıb. Şah Rza Pəhləvi zamanında isə İran şahı Atatürkü və dünyəvi Türkiyəni nümunə götürmüşdü. Şah dövründə yaxşılığa doğru inkişaf edən əlaqələr Ayətullah Əli Xomeyni iqtidarında yenə də rəfə qoyuldu.

Ümumiyyətlə, İslam coğrafiyasında son bir əsrdir İran, Türkiyə və Misir arasında gizli-açıq ciddi bir rəqabət var. Hər üç ölkə bölgənin lideri olmaq üçün iqtisadi, siyasi və mədəni səylər göstərirlər. İranın daxilinə qapanması, xüsusilə də Qərb ölkələri tərəfindən təklənməsi, Misirdə ötən il başlayan və hələ də sonunu görünməyən çox ciddi struktur dəyişikliklərin aparılması Orta Şərqdəki liderlik mövzusunda Türkiyəni daha şanslı edir.

Son iki ildir Türkiyənin ərəb xalqları arasında nüfuzu artmaqda davam edir. Bu mövzuda Türkiyə bir neçə səbəblə İran və Misirdən daha fərqli və üstün mövqedədir. İran respublika olsa da, ölkə 1979-cu ildə inqilabla hakimiyyətə gələn "Mollalar" rejimi tərəfindən idarə olunur. Seçkilər keçirilsə də xalqın iradəsi tam mənası ilə rəhbərliyə əks olunmur. İslam dünyasında, xarici siyasətdə ifrat dərəcəsindəki sərt mövqeyi və nüvə enerjisi əldə etmə səyləri ucbatından Qərb ölkələri arasında etibarını itirməməkdədir.

Misir 40 illik diktatordan xilas olmağın sevinci yaşayır və yeni dövlətin formalaşması prosesi gedir. Misir bu tarixi dönəmdə liderlik mübarizəsindən kənarlaşdırılıb.

İran müsəlman dövləti olmasına baxmayaraq, illərdir sosialist blok ilə yaxın münasibətlər içərisindədir və hələ də Rusiya, Çin və Suriya kimi ölkələrlə yaxşı əlaqələrə malikdir. İranlı liderlər tarix boyunca həmişə səhv strategiyalar, primitiv metodlarla ölkəni idarə edir, daxili və xarici siyasət yürüdüblər. Azərbaycanla tarixi, mədəni və dini yaxınlığı olan İran bir çox dəyərləri bölüşdüyü ölkənin ərazi bütövlüyünü dəstəkləmək yerinə, Ermənistanla əlaqələri yüksələn xətlə inkişaf etdirir, hərtərəfli işbirliyi qurmaqda davam edir.

Adı "İran İslam Respublikası" olan İran niyə xristian Ermənistanı dəstəkləyir? Sualın cavabını Tehranın bölgədə güc tarazlıqlarını öz lehinə dəyişdirmək istəyində axtarmaq lazımdır. Rəsmi Tehran Bakı və Ankara ilə olan sıcaq münasibətlərdən çox narahatdır. İran bölgədə Türkiyə-Azərbaycan ittifaqına qarşı Cənubi Qafqazda Ermənistanı dəstəkləyən siyasət yürüdür. Məqsəd güclü bir Türk birliyinin önlənməsidir. Bölgədəki qüdrətli Türkiyənin varlığından narahat olan İran, eyni zamanda Azərbaycanın da siyasi və iqtisadi inkişafından və güclü dövlət olmasından yana deyil. Özünə Rusiya və Ermənistanı tərəfdaş seçən rəsmi Tehran növbəti yanlış siyasətin peşindədir. Bir vaxtlar qonşu və müsəlman İraq dövləti ilə 8 il savaşan İranın bugünkü hədəfi yenə müsəlman ölkələridir. Qərb isə bölgədə, eyni zamanda dünyada güclü müsəlman dövlətinin varlığını istəmir və İranın mövqeyi də onun maraqları ilə üst-üstə düşür.

Halbuki Allahımız bir, Quranımız bir, Peyğəmbərimiz bir, dinimiz birdir. Deməli, düşmənimiz də bir olmalıdır.