“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 lahiyə təqdim olunub

16 May 2012 11:03 (UTC+04:00)

"Elektron Təhsil" Respublika müsabiqəsinin I mərhələsi qaydalara uyğun olaraq 15 may tarixində başa çatıb. Müsabiqəyə ümumi olaraq 1092 layihə təqdim olunub. Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən SİA-ya verilən məlumata əsasən, Müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları\" istiqamətləri üzrə təşkil olunub.

"Elektron Təhsil" Respublika müsabiqəsinin II mərhələsinə keçən nominantlar 30 may tarixində elan olunacaq. Müsabiqənin I mərhələsinin sona çatmasına baxmayaraq, layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaq. Müzakirələrdə iştirak etmək və ya şərh yazmaq istəyənlərin sayı 7 min nəfər təşkil edir. Qeyd edək ki, müsabiqənin saytında qeydiyyatdan keçənlər əsasən müəllimlər, şagirdlər, valideynlər, tələbələr və təhsil üzrə mütəxəssislərdir.

II mərhələyə keçəcək lahiyələrin ekspertizasını "Elektron Təhsil" Respublika müsabiqəsinin təşkilat komitəsi tərəfindən seçilmiş peşəkarlar və mütəxəssislərdən ibarət olan ekspertlər aparacaqlar. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.