7444 nəfər “Azərbaycan dili” fənnindən \"məqbul\" aldı

15 May 2012 18:22 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci il mayın 13-də rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib. TQDK imtahan nəticələrini təhlil edərək "Azərbaycan dili" imtahanında 12 və daha çox bal toplayan abituriyentlərin "məqbul" la qiymətləndirilməsi barədə qərar qəbul edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək hüququ olan 9443 abituriyentdən 276 nəfəri imtahana gəlməyib.

Abituriyentlərdən 7444 nəfəri qeyd olunan olunan müsabiqə şərtini ödəyib və "məqbul" qiyməti alıblar. İmtahan qaydalarını pozduğuna görə 5 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub. Abituriyentlərdən 1 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıblar. Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 8 nəfərin köçürməyə yol verdikləri aşkar edilən qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

Nəticələr mayın 14-də saat 18:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. Mayın 13-də keçirilən imtahandan "qeyri-məqbul" qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2012-ci il iyunun 24-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.