\"Eurovision 2012\"-nin şərhçiləri müəyyən edilib

15 May 2012 12:35 (UTC+04:00)

Azərbaycan İctimai Televiziyasının (İTV) populyar aparıcıları Saleh Bağırov və Könül Arifqızı müsabiqənin bu telekanalda yayımı zamanı \"Eurovision 2012\"-nin yarımfinal və final mərhələlərini şərh edəcəklər. SİA-nın məlumatına görə, S. Bağırov həmçinin finalda iştirakçıların Azərbaycandan topladıqları balları elan edəcək.


Məlumat üçün bildirək ki, şounun aparıcıları \"Eurovision 2011\"-in qalibi Eldar Qasımov, İctimai Televiziyanın aparıcısı Leyla Əliyeva, eləcə də Nərgiz Birk-Petersondur.


Müsabiqənin yarımfinal turları mayın 22-də və 24-də, finalı isə mayın 26-da \"Baku Crystal Hall\"da keçiriləcək.