Musiqili Komediya Teatrı növbət beynəlxalq konfransda təmsil olunub

15 May 2012 10:43 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində " Müasir Rusiya musiqili teatrı" ("Russian musical theater now") mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfrans Musiqili Teatrların Beynəlxalq Assosiasiyası, Sankt-Peterburq Dövlət Musiqili Kamera Teatrı və Beynəlxalq Teatr İnstitutunun Rusiya Milli Mərkəzi ilə birgə təşkil edilib.


Tədbirdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da təmsil olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bir çox tanınmış teatr xadimlərinin iştirak etdikləri tədbirdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev "Azərbaycan teatr sənətinin bu günü və onun inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış edib. Ə.Lalayev məruzəsində Azərbaycanda teatr sənətinin inkişaf perspektivləri barədə ətraflı məlumat verib.


Burada, həmçinin Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xarici dövlətlərə qastrolları, dünya teatrları ilə qarşılıqlı yaradıcılıq əlaqələri, aparıcı sənət ustalarının Bakıya dəvət edilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının təmiri ilə əlaqədar istismara veriləcək yeni texniki avadanlıq üzrə mütəxəssislərin tanınmış teatrlarda təlim keçməsi də müzakirə edilən məsələlər sırasında olub.