Azərbaycanın xarici işlər naziri Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib

15 May 2012 09:24 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, T. Tsaçeva Azərbaycana səfərindən məmnunluq duyduğunu ifadə edərək ölkədə gedən sürətli iqtisadi inkişafın şahidi olduğunu bildirib. Azərbaycanın ölkəsinə qarşı bəslədiyi dostluq münasibətlərini hər zaman hiss etdiklərini dilə gətirən qonaq, ikitərəfli əlaqələrdə əldə edilmiş nailiyyətlərdən razı qaldıqlarını vurğulayıb. T. Tsaçeva Bolqarıstan parlamentində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin yaranmasının 20 illiyinə həsr edilmiş sərginin keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq perspektivləri və müxtəlif sahələrdə, xüsusi ilə də iqtisadi, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.