İqor Popov: "Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin ardıcıl tərəfdarı olub" - MÖVQE

14 May 2012 23:17 (UTC+04:00)

Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin ardıcıl tərəfdarı olub. Biz bunu əsas götürürük ki, Rusiyanın vasitəçilik fəaliyyəti ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrlə birlikdə davam etdiriləcəkdir. SİA AzərTAc-a istinadən xəbər verir ki, ATƏT-in Mİnsk qrupunun rusiyalı həmsədri İqor Popov bu fikirləri Azərbaycan jurnalistlərinə verdiyi müsahibədə Rusiyanın sabiq dövlət başçısı Dmitri Medvedev kimi, yeni prezident Vladimir Putinin də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş fəal siyasəti davam etdirmək niyyətində olub-olmaması barədə sualı şərh edərək söyləyib.

İ.Popov deyib: "Yeni Prezidentin imzaladığı ilk fərmanlardan biri xarici siyasət məsələlərinə aid fərmandır. Həmin sənəddə deyilir ki, Rusiya Minsk qrupunun həmsədrləri ilə birlikdə 2009-2011-ci illərdə yüksək səviyyədə əldə edilmiş razılaşmalar nəzərə alınmaqla tərəflərə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə kömək etməyə yönəlmiş fəal işi davam etdirəcəkdir. Mənim fikrimcə, bu, Rusiyanın mövqeyini dəqiq nümayiş etdirir".

İ.Popov həmsədrlərin regiona səfərini şərh edərək bildirib ki, bu, planda nəzərdə tutulan səfər idi. Rusiyalı həmsədr deyib: "Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşlərdə münaqişənin tənzimlənməsinin aktual məsələləri müzakirə edilmişdir. Biz Soçi görüşündə əldə edilmiş razılaşmaların reallaşdırılmasının gedişini müzakirə etdik, o cümlədən, tənzimlənməyə dair sənəd üzərində işlə bağlı məsələlərə toxunuldu. Biz ictimaiyyətin və gənclərin nümayəndələri ilə əlaqələrin daha yaxşı təşkil edilməsi yolları barədə danışdıq. Aprelin axırlarında təmas xəttində baş vermiş insidentlərlə əlaqədar məsələlərə də toxunduq".