Qadınların polis işinə cəlb edilməsi müzakirə edildi

14 May 2012 15:37 (UTC+04:00)

Bu gün "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə" layihəsi çərçivəsində "Stereotipləri qıraq! Qadın polislərlə bağlı miflər" adlı tədqiqatın təqdim olunması ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 90 faiz respondentlər arasında apardığı sorğuya əsaslanaraq bildirib ki, bu gün polis sıralarında qadınların təmsil olunması müşkül hala çevrilib. Onun sözlərinə görə, bu səbəbdən polislərin böyük əksəriyyətinin kişilər olduğu üçün qadınlara qarşı zorakılıq halları baş verəndə, hətta uşaqları itəndə belə çox zaman polisə müraciət etmirlər: "Qadınlar tərəfindən törədilmiş cinayət hadisələrində və digər məqamlarda kişi polislər qadınların üzərində axtarış etməli olur. Bu da onu deməyə əsas verir ki, polis bölmələrində qadınların işləməsi artıq günün tələbinə çevrilib".


Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qadınların polis işinə cəlb edilməsi istiqamətində reallaşan layihənin olduqca uğurlu olduğunu bildirərək polis sıralarında qadınların sayının artırılmasının onların həmcinslərinin zərurət yarandıqda polisə müraciət etməsində aktivliyə şərait yaratdığını vurğulayıb.

Komitə nümayəndəsi uşaq evlərində təhsil alan qızların polis sıralarına cəlb edilməsi təklifini səsləndirərək bunun olduqca uğurlu bir addım ola biləcəyini və internat məktəblərini bitirən gənc qızlarla bağlı bir sıra məsələlərin həllinə kökündən təsir edəcəyini deyib.


Tədbirdə çıxış edən Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavini, millət vəkili Zahid Oruc isə vurğulayıb ki, qadınlar cəmiyyətdə aparıcı qüvvədir: "Biz bu gün həkim libası geyinmiş qadınların məsuliyyətli işləmələrini rahat qəbul ediriksə, bəs, niyə qadınlarımızın polis olmalarına qarşı çıxmalıyıq? Qadınlar polis vəzifəsini çox məsuliyyətlə yerinə yetirərək qayda-qanunlara daha dəqiq riayət edəcəklər. Hər zaman ailəni idarə edənin kişilər olduğu deyilsə də kişilərin özlərini də idarə edən böyük qüvvə qadınlardır".


Mənzər Ərçəqızı