Bu günün tarixi, tarixin bu günü

14 May 2012 09:16 (UTC+04:00)

1805 - Rusiya-İran müharibəsinin (1804-1813) ilkin yekununa əsasən birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. İkinci müqavilə mayın 21-də imzalandı. Kürəkçay müqavilələri ilə Qarabağ və Şəki xanlıqları Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə ruslar xan ailəsinə varislik əsasında Qarabağda muxtar hakimiyyət vəd etmişdilər. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.


1870 - Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən də Tiflis ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakin olan dövlət kəndlilərinin torpaq quruluşu haqqında əsasnamə qəbul olundu. Əsasnamənin adından göründüyü kimi, islahat Azərbaycanın sahibkar kəndlilərinə şamil edilirdi ki, onlar da ümumi kəndli kütləsinin 1/5 hissəsini təşkil edirdilər. Ona görə də, bu islahat bütövlükdə Azərbaycan kəndində köklü dəyişikliyə səbəb ola bilməzdi. İslahatda kəndliləri maraqlandıran üç məsələyə - torpaq, şəxsi azadlıq, vergi və mükəlləfıyyət məsələsinə toxunulurdu. Əsasnaməyə görə, qanun verilənə qədər kəndlinin istifadəsində olan həyətyanı torpaq sahələri, meyvə, tut, üzüm bağları, onun daimi istifadəsində olan əkin və b. sahələr onun pay torpağı hesab edilirdi. Kəndli öz pay toraqlarını hissə-hissə və ya bütöv şəkildə sahibkarlarla qarşılıqlı razılığa görə satın ala bilərdi.


1991 - Prezident yanında Milli Təhlükəsizlik Şurası təsis edilib. Şuraya baş nazir, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin sədri (V.Polyaniçko), güc strukturlarının rəhbərləri daxil idi. Həmin ilin sentyabrında qurum ləğv edildi, onun əvəzində müxalifət təmsilçilərinin də iştirakı ilə Müdafiə Şurası yaradıldı. Lakin bir neçə ay sonra o da fəaliyyətini dayandırdı.


1992 - Ali Sovetin növbədənkənar sessiyasında iki ay öncə prezidentlikdən istefa vermiş Ayaz Mütəllibov hakimiyyətə "qayıdıb". Xocalı hadisələrini araşdıran deputat komissiyası A.Mütəllibovun günahkar olmadığını elan edəndən sonra parlament 6 mart 1992-ci il tarixli qərarını ləğv edərək onun prezident vəzifəsinə qaytarılması barədə qərar qəbul edib. Lakin bu qərarın ömrü cəmi bir gün çəkdi. Xalq Cəbhəsi hakimiyyəti ələ keçirdi.