\"Eurovision 2012\" təmsilçilərinin \"Bakı Kristal Zalı\" səhnəsindəki geyimlərini kimlər hazırlayır?

12 May 2012 10:32 (UTC+04:00)
\"Eurovision 2012\" iştirakçılarının səhnə geyimlərinin dizaynerlərinin adı açıqlanıb. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi Anqun xəbər verildiyi kimi Bakı səhnəsinə məşhur Jan Pol Qotyenin hazırladığı geyimlə çıxacaq. İtaliyadan olan Nina Zillini Vivyen Uestvud, İsveç təmsilçisi Lorini Tommi Qranforsa, Rusiyadan olan \"Buranosvkiye babuşki\" qrupunu Tatyana Moskvina, Rumıniyanın təmsilçisi \"Mandinga\" qrupunun solo ifaçısı Yelena İoneskunun geyimini Mariya-Lusiya Xoxan hazırlayır. Makedoniya təmsilçisi Kaliopi Bakı səhnəsinə Roza Trayçevska Ristevskayanın hazırladığı geyimlə çıxacaq.


Ukrayna təmsilçisi Qaytana üçün isə səhnə geyimini Yuliya Aysina tikir. Finlandiyadan Pernillanın geyimini Katri Niskanen dizayn edəcək. Latviya təmsilçisi Anmarinin geyimi İndra Saltsevitsa, İslandiyadan olan Qreta Salomenin geyimi Rebekka İnqimundarrdott tərəfindən hazırlanır. Portuqaliya təmsilçisi Filipa Sousanın geyimini ötən ilki kimi Nuno Baltazar tikəcək. Yunanıstan təmsilçisi Elefteriya gənc dizaynerlər Dimos Natar və Andreas Qeorqiunun tikdiyi geyimdə hamını valeh edəcəyini deyir. Kipr təmsilçisi İvi Adamounun cazibədarlığı \"Dolce & Gabbana\" moda evi ilə əməkdaşlıq edən Fani Xenofontosun geyimində vurğulanacaq.


Qeyd edək ki, Azərbaycanın builki təmsilçisi Səbinə Babayevanın mayın 26-da \"Bakı Kristal Zalı\"nda nümayiş etdirəcəyi şou üçün xüsusi geyim hazırlanır. Yaxın günlərdə təmsilçimizin geyiminin detalları barədə məlumat veriləcək.