Vüsal Quliyev: “Bir ay müddətində Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addımlar atıla bilər” - MÜSAHİBƏ (SəsTV)

11 May 2012 18:06 (UTC+04:00)

May ayından Azərbaycan BMT TŞ-na sədrlik edir. Bir ay davam edəcək bu məsuliyyətli vəzifənin ölkəmiz üçün müsbət tərəfləri nədir? Bu müddət Dağlıq Qarabağ münaqişəsinin həllində hansı həlledici rolu oynaya bilər? Bütün bu suallara Səs TV-də yayımlanan "Gündəm" rubrikasının qonağı olan politoloq Vüsal Quliyev aydınlıq gətirib.


- Vüsal müəllim, ilk olaraq bir ay ərzində Azərbaycanın BMT TŞ-na sədrlik eməsinin ölkəmiz üçün əhəmiyyətini soruşmaq istərdik. Sizcə, bu müddət Dağlıq Qarabağ məsələsinin həllində hansısa rol oynaya bilərmi?

- May ayının ilk günündən etibarən Azərbaycan BMT TŞ-na sədrlik edir. ABŞ-dan sonra sədrlik məsuliyyətini öz üzərinə götürən ölkəmiz bir ay müddətində ciddi addımlar atacaq. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatları əsasında bu müddət ərzində bir sıra ciddi məsələlərin müzakirəsi nəzərdə tutulub. Ölkə prezidenti 4 may tarixində BMT TŞ-da keçirilən iclasa sədrlik edib. Həmin iclasda çıxışı zamanı dövlət başçısı ölkəmizin prioritet istiqamətlərini açıqladı. Təbii ki, burada söhbət Dağlıq Qarabağ problemindən gedir. Dövlət başçımız iclasda ilk növbədə terrorizmlə mübarizə haqda müzakirələrə yer verdi. Burada Dağlıq Qarabağda terrorçuluğun inkişaf etdirilməsi məsələsi qabardıldı. Yəni işğal altında olan torpaqlarımızın nəzarətsiz qalması və bu bölgələrin terrorizmə dəstək məqsədilə istifadə edilməsi kimi bir sıra vacib məqamlar iclasın gündəliyində müzakirə olunub. Dağlıq Qarabağ məsələsinin həll olunmaması və ya həllinin uzadılması hər keçən gün bu bölgə üçün yeni bir təhditə çevrilir. Ümumiyyətlə, dünyada həll olunmamış bütün münaqişələrin mənfi tərəfləri müzakirə olundu. Ölkəmiz bu müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinin ən asan yollarını araşdırır.


- Ölkə prezidenti öz çıxışında Azərbaycanın münaqişənin həlli istiqamətində atılacaq heç bir addımdan geri durmayacağını bəyan etdi. Sizcə, bu prinsipiallığımız hədəfə kifayət qədər çatdırılırmı?

- Bəli, mən düşünürəm ki, Azərbaycan prezidenti dəfələrlə öz çıxışlarında bəyan etdiyi fikirlərlə lazımi mesajı hədəfə çatdırıb. Yəni Azərbaycanın gec-tez Dağlıq Qarabağ torpaqlarını işğaldan azad edəcəyi hamıya məlumdur. Beynəlxalq səviyyədə torpaqlarımızın işğal faktı təstiqlənir və Azərbaycan bu münaqişənin mümkün qədər sülh yolu ilə həll olunmasına çalışır. Diplomatik fəaliyyətimiz hər gün daha da genişləndirilir və münaqişənin həlli istiqamətində atılan addımlar qətiyyətini göstərir. Buna misal olaraq biz Qoşulmama Hərəkatını da göstərə bilərik. Bu yaxınlarda Misirdə xarici işlər nazirləri səviyyəsində öz işinə başlayan bu hərəkatda ölkəmiz də təmsil olunurdu. 50 ildən çox fəaliyyət göstərən bu hərəkata Azərbaycan 2011-ci ilin yayından qoşulub. 120 dən çox ölkənin üzv olduğu bu hərəkatda da Azərbaycanın xeyrinə olan məsələ gündəmə gətirildi. Torpaqların toxunulmazlığı, suverenliyin qorunması və başqa dövlətlərin bir-birinin torpaqlarına müdaxilə etməməsi məsələsi hərəkatın əsas müzakirə mövzularından oldu. Bütün dünyaya məlumdur ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan dövlətinin və diplomatiyasının əsas prioritetidir və bu məsələnin ədalət prinsipləri əsasında həll olunması istiqamətində bütün tədbirlər görülür.


- Vüsal müəllim, son olaraq Rusiyadakı prezident seçkiləri ilə bağlı soruşmaq istərdik. Necə düşünürsünüz, prezidentlik kürsüsündəki dəyişikliyin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ola bilərmi?

- Bəli, biz dünya siyasətində gedən bütün dəyişikləri yaxından izləyir və təhlil edirik. Bura həm Rusiyada, həm də Fransada keçirilən prezident seçkiləri də aiddir. Bu ölkələrdə gedən siyasi proseslər bizi də yaxından maraqlandırır. Çünki, ilk növbədə bilirik ki, bu dövlətlər ATƏT-in Minsk qrupunun üzvləridir və Dağlıq Qarabağ münaqişəsində həlledici rola malikdirlər. Rusiyada prezident seçkiləri keçirilən dövrə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlarda bir durğunluq göz önündəydi. Məsələn, ATƏT-in minsk qrupunun nümayəndələri bölgəyə səfərlər etsələr də, diqqət çəkici və həlledici bəyanatlar görünmürdü. Bu isə ilk növbədə həmin ölkələrdə keçiriləcək prezident seçkiləri ilə bağlı idi. Lakin bu seçkilərdən asılı olmayaraq, Azərbaycan diplomatiyasının aktiv olduğu və bu münaqişənin həllində qəti addımlar atdığı göz qabağındadır. Ölkəmizin daxili stabilliyi qoruyub saxlaması və öz gücünü artırması bu məqamda çox vacibdir. Seçkilərdən danışmışkən, son olaraq Ermənistanda keçirilən parlament seçkilərinə toxunmaq istərdim. Bu seçkilər dünya səviyyəsində yaxından izləndi və nəticədə bir sıra həqiqətlər öz yerini tapdı. Yəni biz gördük ki, Ermənistan dövləti nəinki xarici siyasətdə, heç daxili siyasətdə də uğurlu addım atmağa müvəffəq deyil. Yəni seçkilər prosesində baş tutan saxtakarlıq və qeyri-qanunilik də bunun bariz nümunəsi oldu.