“Barış qadınlardan keçər” adlı beynəlxalq konfransın nəticələri müzakirə edilib

11 May 2012 15:28 (UTC+04:00)

Bu gün Azəri Türk Qadınlar Birliyinin və Belçika Krallığının senatoru, xanım Dominik Tilimasın birgə təşkilatçılığı ilə Brüssel şəhərində Azərbaycan və Ermənistan qadınlarının iştirakı ilə keçirilən "Barış Qadınlardan Keçər" adlı beynəlxalq tədbirlə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransın keçirilməsində əsas məqsəd Ermənistan tərəfindən Azərbaycanın əzəli torpaqları - Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğal olunduğunu Avropa cəmiyyətinə çatdırmaq olub.

Qeyd edək ki, konfransda Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü Könül Hüseynova iştirak ediblər.

Konfransda çıxış edən T.Rüstəmxanlı qeyd edib ki, beynəlxalq tədbirdə çıxış edən Brüssel Universitetinin müəllimi, məsləhətçi və ekspert Mişel İvorun "Dağlıq Qarabağda münaqişə" mövzusunda ciddi analitik araşdırması və çıxışı mətbuat nümayəndələrinin də diqqətini cəlb etdi. Birliyin sədri əlavə edib ki, Azərbaycanla bağlı çıxışlardan sonra bizə qarşı diqqət xüsusilə artdı və xaricilər Azərbaycana gəlmək istədiklərini bildirdilər.

Tənzilə Rüstəmxanlı: "Mən Avropalılara söylədim ki, siz hər zaman birmənalı olaraq erməniləri dinləmisiniz, bizi isə daima görməzdən gəlmisiniz. Qarabağda 60 min azərbaycanlı yaşayıb, lakin xaricilər elə bilirlər ki, bizim işğal olunmuş ərazimiz yalnız yeddi rayondan ibarətdir", - deyə bildirib.


Mənzər Ərçəqızı