Azad Rəhimov: \"Son 10 ildə Azərbaycan idmanın inkişafına 1 milyard dollardan artıq vəsait yatırıb\" - MÜNASİBƏT

11 May 2012 12:48 (UTC+04:00)

Yunanıstanda Olimpiya məşəlinin yandırılma mərasimində iştirak edən gənclər və idman naziri Azad Rəhimov bu ölkədə səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla yanaşı nazir, dünya şöhrətli "Reuters" agentliyinə müsahibə verib. Müsahibə zamanı gənclər və idman naziri Azad Rəhimov Bakı-2020 mövqeyinin daha da gücləndiyini deyib. O bildirib ki, Azərbaycan hökumətinin neft və təbii resurslar hesabına idman infrastrukturuna yatırdığı 1 milyarda yaxın vəsaitin nəticəsi olaraq Bakı 2020 Yay Olimpiya oyunları mübarizəsində gözlənilməz dönüşlərə baxmayaraq öz mövqeyini gücləndirir: "Günbəgün mübarizəmiz daha yaxşıya doğru dəyişir. Biz öz namizədliyimizə güvənirik və bu prosesdə iştirakımızın vacibliyinin artmasını görürük".

A.Rəhimov qeyd edib ki, bu ayın sonu Beynəlxalq Olimpiya Komitəsi növbəti mərhələyə keçəcək şəhərlərin adlarını açıqlayacaq. Onun sözlərinə görə, Bakının Tokio, İstanbul, Doha, Madrid kimi rəqibləri var.

"2013-cü ildə Buenos Ayresdə Beynəlxalq Olimpiya Komitəsi qalib şəhərin adını elan edəcək. 2016 Olimpiya Oyunları üçün namizədlik mübarizəsinin ilk mərhələsindən keçməyən Bakının ikinci dəfə namizədliyinə ilkin mərhələdə böyük ümidlər yox idi. Lakin hazırda 2020 Oyunları üçün mübarizədə Bakının mövqeyi xeyli güclənib. İddiaçı şəhərlərdən biri olan Roma ölkəsində baş verən iqtisadi böhranla bağlı olaraq mübarizədən imtina edib. Olimpiya oyunları mübarizəsinə artıq 3-cü dəfə qoşulan Madrid isə aprel ayının əvvəllərində iqtisadi durğunluq və ciddi budcə kəsiri ilə üzləşib.

Türkiyənin Futbol üzrə 2020 Avropa Çempionatına ev sahibliyi iddiasını irəli sürməsi isə Türkiyənin iki aylıq zaman fərqi ilə iki nəhəng büynəlxalq idman yarışı təşkil edə biləcəyi ətrafında ciddi şübhələrə səbəb olub. BOK bildirir ki, onun nizamnaməsi hər hansı şəhərin paralel iki namizədlik iddiasında olmasını qadağan etmir. Lakin, 2020 Olimpiya Oyunlarına ev sahibliyinin İstanbula verilməsi reallaşsa BOK Mayın 15-ə dək 2020 Avropa Çempionatı üçün hazırda yeganə iddiaçı olan Türkiyədən futbol turnirindən öz namizədliyini geri götürülməsini tələb edəcək", - deyə o əlavə edib.

Nazir vurğulayıb ki, son 10 ildə Azərbaycan idmanın inkişafına 1 milyard dollardan artıq vəsait yatırıb və böyük enerji resusrslarının hesabına məhz elə həmin müddət ərzində ölkə iqtisadiyyatı 900 faiz artıb. Onun sözlərinə görə, insanlar Bakı haqqında fikirlərini və Bakıya olan münasibətlərini artıq dəyişiblər: "Bakını və ölkəmizi dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Ümid edirik ki, 2013-cü il Buenos Ayres toplantısına qədər mübarizədə qala biləcəyik. 2016-cı ildə Cənubi Amerika qitəsində ilk Olimpiya Oyunlarının Rio de Janeyro şəhərinin qismətinə düşdüyü kimi, biz də ümid edirik ki, müsəlman ölkələri arasında ilk Olimpiya Oyunları Bakının qismətinə düşəcək. Düşünürəm ki, Olimpiya oyunları daim yeni regionlarda keçirilməlidir. Elə buna görə Rionun qələbəsinə çox sevindim".