O dünyadan gələn var - MARAQLI

10 May 2012 18:08 (UTC+04:00)

Ruh Allah-Təalanın özünə aid olan sirlərindəndir. Müqəddəs kitabımızda buyurulur: "(Ya Məhəmməd!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar". De: " Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi bir bilik verilmişdir!"("əl-İsra" surəsi, 85-ci ayə).


Ruh birbaşa Allah-Təalanın hökmündə olan varlıqdır. Onun insanın bədəninə daxil və xaric olması yenə də Allah-Təalanın əmrindədir.


Bəs görəsən, əbədi dünyanın bir anlığa "qonağı" olan kimlərdir? Belə "qonağa" klinik ölüm deyilir. Klinik ölüm ürək və tənəffüs dayandıqdan sonra 5-6 dəqiqə davam edən ölüm ərəfəsi prosesdir. Klinik ölüm keçirən insan müvəqqəti dünyadan əbədi aləmə bir neçə anlıq "səyahət edir", ordakı həqiqəti öyrənib (Allah-Təalanın hökmü ilə) geri qayıdır.


1982-ci ildə ABŞ-da və digər ölkələrdə aparılan sorğudan məlum olub ki, dünyada 8 milyon insan klinik ölümlə üzləşib və onların hamısı "keçid fenomeni"ni təcrübədən keçiriblər. Bu isə onu sübut edir ki, ölümdən sonra həyat dayanmır, ruh ölmür.


Həyat və ölüm arasında qalanlar


22 yaşlı Xəlil Cüyür ölümü görüb gələnlərdəndir. Əməliyyatda ürəyi beş dəfə dayanıb, ölüb-dirilib. Gördüklərini danışır:


"Sanki səhrada gedirəm. Ucsuz-bucaqsız dümağ bir yer idi. Səhraya elə bil qar yağmışdı. Nəsə görmək, bir səs eşitmək istədim. Yox idi."


Şimşək vurması nəticəsində komaya düşən amerikalı Tifani Snou bu dünyaya qayıdanda artıq yeni həyatındakı vəzifələrinin fərqində idi. İnsanları yaxşı olmağa və onları Allaha inandırmağa çalışırdı.


Yazın ortasında Kaliforniyada külək əsdi, ardınca şimşək çaxdı. Qadın dünyanın qaraldığını, sonra isə heç nə xatırlamadığını deyirdi. Birdən özünü yer kürəsindən yuxarıda, dünyanı müşahidə etdiyini gördü. Tifani Snou yaşadığı təəssüratları belə təsvir edir: "Ətrafımda rəngarəng ulduzlar vardı, birdən başım fırlandı, irəlini görə bilmirdim. Suyun üzərində kimsə vardı, mənə qorxmamağı söylədi. Ətrafımız sarımtıl işığa bürünmüşdü. Biz bir-birimizə yaxınlaşdıqca içimdə qabaran sevgini hiss etdim. İsti və çox rahatlaşdıran bir hiss idi, ailəsi tərəfindən qucaqlanan bir körpə kimi idim. O işıqdan çox uzaqda olsam da onun Tanrı olacağını hiss edirdim, bura da yəqin ki cənnətdi". Tanrının onunla danışdığını iddia edən qadın, həyata geri dönəndə missiyasını dərk etmişdi. Yaşadığı təcrübə ilə bağlı 3 kitab yazdı.


2003-cü ildə beynində damar genişləməsi yaşayan Meri Jo Rapinin danışdığına görə "Komada olan zaman çəhrayı bir işıltı mənə geri dönməyi buyurdu. Birdən özümü o işığın içində gördüm, çox gözəl bir yer idi...Dünyada qarşılaşdığım kimi bir mühit, ya da hiss deyildi, buna görə yaşadıqlarımı izah etməkdə çətinlik çəkirəm. Dünyada dadmadığımız hiss idi. O mühiti necə şərh edəcəyimi indi bilməsəm də, orada ikən hər şeyin izahı, mənası vardı. Sanki həyatımda heç görmədiyim qədər aydın və həqiqi bir yuxu idi."


Rapini yaşadıqlarının elmi cəhətdən açıqlamasına etiraz edir. Tədqiqatçılar bunun yuxu olduğunu söyləsə də, o, əksini iddia edir.


Don Piper isə Kaliforniyada avtomobilində gəzərkən 18 təkərli iri yük maşını ilə toqquşdu. Tibb işçiləri onun öldüyünü açıqlasa da 90 dəqiqə nəbzi dayandıqdan sonra həyata qayıtdı.


O da koma zamanı gördüklərinə əsasən ölümdən sonra həyatın olduğunu deyir. Möcüzəli musiqi və qoxuları duyan Piper nə musiqinin nə də qoxuların dünyada ola biləcəyini söylədi. Vəfat etmiş babasının onu qapıda qarşıladığını, ölmüş tanışlarından bir neçəsini gördüyünü təsvir edirdi Piper.


Yaşadıqlarını "New York Times"-ın ən çox satılan kitabları arasında "90 Minutes en Heaven: A True Story of Death and Lifə" adlı kitabından oxumaq olar. Piper Allahın onu cənnətin həqiqətən var olduğunu izah etməsi üçün geri göndərdiyinə inanır.


Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik. Bu cərəyan vurması, suda boğulma, miokard infarktı, güclü travmalar və s. nəticəsində ola bilər. Klinik ölümə şahid olduqda təcili yardım çağırmaq yalnız boş vaxt itkisidir. Klinik ölüm zamanı həyata keçirilən təxirəsalınmaz tədbirləri hamı bilməlidir. Bu vəziyyətə düşən insanlara süni tənəffüs vermək, ürək masajı etmək lazmıdır. Ancaq hər şey düşündüyünüz qədər də sadə deyil. Ona görə də bu işi yalnız tibbi qanunlardan xəbərdar olan insanlar həyata keçirə bilər.


Bəzi insanlar kliniki ölüm keçirən şəxslərin müəyyən olunmasının çətin olduğu deyir. Bunun da nəticəsidir ki, insan öləndən bir neçə saat sonra dəfn olunur və əgər belə bir ölüm halı qeydə alınıbsa, məzarda yenidən ölümə məhkum olunur. Xristian dininin xadimləri meyidin yenidən dirilə biləcəyini nəzərə alaraq cənazəni 3 gün saxladıqdan sonra dəfn edirlər.


Kliniki ölüm bioloji ölüm arasındakı keçiddir. Əgər xəstənin bədənində ölüm ləkələri, qıcolmalar əmələ gəlirsə, gözləri göyərir, əzələləri bərkiyirsə deməli xəstə həyata dönməyəcək. Kliniki ölüm keçirən xəstələrin 90 faizi oyanandan sonra gözəl bir bağda olduqlarını xatırlayırlar. Onlar həyata qayıtdıqlarına peşman olurlar. İki dünya arasında qalanların çoxu oyanandan sonra həkimlərin bir-biri ilə nə danışdığını eşitdiyini deyirlər. Kimsə bu zaman qəribə, qeyri-adi səslər eşidir, başqası həyatda yaşadığı hadisələrə sanki videoda baxır. Digərləri isə çoxdan dünyadan köçmüş doğmalarını gördüklərini söyləyirlər.168.az